Son yeniləmə: 13 İyun 2023 10:41
Vüqar İskəndərov: Şuşa Bəyannaməsi iki ölkə arasındaki birliyin daha yüksək səviyyəyə qalxması baxımından mühüm əhəmiyyət kəsb edən sənəddir
BAYRAQDAR MEDİA – “Tarix boyu xoş gündə də, dar gündə də birlikdə olan Türkiyə və Azərbaycan gələcəyə də birgə addımlayır. Bu birlik isə özündə inkişaf və sabitliyi ehtiva edir”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
O, qeyd edib ki, 44 günlük Vətən müharibəsi və ondan sonra baş verənlər də birliyimizin, qardaşlığımızın əbədi və sarsılmaz olduğunun növbəti təsdiqidir: “Bəlli olduğu kimi, 44 günlük Vətən müharibəsinin ilk dəqiqəsindən son anına qədər Recep Tayyib Erdoğan başda olmaqla Türkiyə dövləti və xalqı Azərbaycanın yanında oldu. Həmin günlər Türkiyənin verdiyi siyasi və mənəvi dəstək gücümüzə əlavə güc qatdı. Təbii ki, həmin günlər Azərbaycan Ordusu yüksək şücaət göstərərək torpaqlarımızı işğaldan azad etdi. Eyni zamanda, Türkiyənin siyasi və mənəvi dəstəyi hadisələrin gedişatına kənar məkrli qüvvələrin müdaxiləsinin qarşısını aldı. Məhz buna görə də haqlı olaraq İkinci Qarabağ müharibəsində əldə edilən zəfər yalnız Azərbaycanın deyil, eləcə də Türkiyə və bütün türk dünyasının tarixi qələbəsi kimi qiymətləndirilir. Yəni, Azərbaycan Prezidentinin bəyan etdiyi kimi bütün bu şanlı tarix bizim müştərək tariximizdir”.
Deputat məsələ ilə bağlı bir məqamın üzərində xüsusi olaraq dayanmaq istədiyini deyib: “Bu da cənab Recep Tayyip Erdoğanın Vətən müharibəsindən sonra Şuşaya səfəri ilə bağlıdır. Məsələ burasındadır ki, Recep Tayyip Erdoğan 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunan Şuşaya səfər edən ilk dövlət başçısıdır. Həmin tarixi Zəfərimzdən sonra azad Şuşaya reallaşan bu səfər, həmçinin Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması bir daha iki ölkə arasındakı əlaqələrin qardaşlıq münasibətləri üzərində qurulduğunu nümayiş etdirir. Onu da qeyd edim ki, Şuşa Bəyannaməsi iki ölkə arasındaki birliyin daha yüksək səviyyəyə qalxması baxımından mühüm əhəmiyyət kəsb edən sənəddir. Bu sənəd Azərbaycanın müstəqilliyi dövründə iki qardaş ölkə arasında imzalanan, hərbi təhlükəsizlik məsələlərini, onun müxtəlif parametrlərini göstərən mühüm sənəddir. Məhz bu baxımdan Şuşa Bəyannaməsi tarixi önəm daşıyaraq, regionda yeni geosiyasi və geoiqtisadi münasibətlərin başlanğıcını qoydu”.