Son yeniləmə: 12 İyun 2023 11:16
Yeganə Hacıyeva: Ermənistan postmüharibə dövründə də ekoloji cinayətlərini, dünya birliyi isə məsələyə ikili standartlardan yanaşması siyasətini davam etdirir
BAYRAQDAR MEDİA – “Öncə onu qeyd edək ki, hətta Kaxovkada vəziyyətin bu həddə çatmasında dünya birliyi məsuliyyət daşıyır. Çünki istər Kaxovka SES, istərsə də Zaporojye AES-lə bağlı Rusiya tərəfindən hədələr, həmçinin hansısa texnogen qəzaların ola biləcəyi təhlükəsi barədə xəbardarlıqlar var idi. Lakin dünya birliyi bunlara diqqət ayırmadı”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında politoloq Yeganə Hacıyeva deyib.
Onun sözlərinə görə, bu hadisə başqa bir aktual məsələyə də yenidən diqqəti yönəldib: “Söhbət xarici ölkələrin və beynəlxalq təşkilatların, xüsusilə də ekologiya ilə bağlı fəaliyyət göstərən qurumların məsələlərə ikili standartlardan yanaşmasından gedir. Yəni, Kaxovkadakı hadisədən sonra Ukraynaya dəstək nümayiş etdirən həmin ölkə və xarici təşkilatlar Azərbaycana münasibətdə susqunluğa üstünlük verirlər. Biz bunu torpaqlarımız Ermənistanın işğalı altında qaldığı 30 il ərzində açıq şəkildə gördük”.
Y.Hacıyeva deyib ki, həmin illər ərzində Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında bütün infrasturkturu dağıdıb, mədəni, dini və tarixi abidələri məhv edib, misilisiz ekoloji cinayətlər törədib: “Lakin buna görə bu günə kimi Ermənistana necə deyərlər, “gözün ustündə qaşın var” deyən olmayıb. Həmçinin, Kəlbəcər və Laçında 30 ilə yaxın müddətdə ekoloji cinayətlər törədilib, Oxçuçay çirkləndirilib. Bu çayın ağır və texniki metallarla çirkləndirilməsi ümumilikdə regionun ekosisteminin çirkləndirilməsində həlledici rol oynayıb. Bölgədə şirin su hövzələri, termal su ehtiyatları çirkləndirilib ki, bunun da nəticəsində yerli flora və faunaya bərpaolunmaz ziyan vurulub. Bunu Ermənistanla paralel olaraq da Fransa və Almaniyadan olan şirkətlər edib. Amma dediyimiz kimi dünya bu cinayətləri görməzdən gəlib və susqunluq nümayiş etdirib”. Politoloq bildirib ki, Ermənistan postmüharibə dövründə də ekoloji cinayətlərini, dünya birliyi isə məsələyə ikili standartlardan yanaşması siyasətini davam etdirir: “Ermənistan Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgəsində – Arazdəyəndə iri metallurgiya zavodunu inşa etməyə hazırlaşır. Tikintiyə 70 milyon dollar ABŞ sərmayəsi yatırılacaq, zavodun hündürlüyü 30 m, sahəsi 16500 kvadratmetr olacaq. Bu metallurgiya zavodunun zəhərli kimyəvi tullantıları bölgədəki ekosistemə böyük zərbə vura bilər. Onun tullantılarının Araz çayına axıdılması riski həm çaydakı canlı aləm, həm də Arazın suyundan suvarma üçün istifadə edilən geniş təsərrüfatlar üçün həyəcan siqnalıdır. Ermənistanın dağ-mədən sənayesində heç bir beynəlxalq standartlara əməl edilməməsi həm Azərbaycan, həm də ümumilikdə bölgə üçün ciddi ekoloji təhdid yaradır. Amma dünya yenə də susur”.
Qeyd edilib ki, əslində, dünya birliyi həmən məsələyə reaksiya verməli idi: “Çünki müasir zamanda iqlim problemləri dünyada təhlükəsizlik problemləri sırasına aid edilir. Əgər bundan öncə ekoloji problemlər hər hansı bir ölkənin, yaxud bölgənin problemi idisə, indi bu, artıq qlobal problem sayılır. Elə Ermənistan tərəfindən atılan yuxarıda bəhs etdiyimiz addım da regional sistemlərin pozulması ilə dünyanın ekosisteminin pozulmasına yönəlib. Lakin dünya birliyi, hər hansı bir təşkilat Ermənistana “dur” demir. Dünyanın eyni yanaşmasını biz Azərbaycan ekofəalları və QHT təmsilçilərinin Laçın-Xankəndi yolunda keçirdikləri aksiyaya münasibətdə də müşahidə etdik. Amma bu susqunluq heç də dünya birliyini məsuliyyətdən kənar tutmur. Azərbaycan ictimaiyyəti haqlı olaraq beynəlxalq birlikdən Ermənistana qarşı addım atılmasını tələb edir”.