BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbirlər davam etdirilir. Bu çərçivədə növbəti təlimlər “İnklüziv DOST” könüllüləri və həssas əhali qruplarına aid şəxslərin valideynləri və ya qəyyumların (himayəçilərin) iştirakı ilə təşkil olunub.
Bu barədə BAYRAQDAR MEDİA-ya DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Mərkəzdə fəaliyyət göstərən bir qrup könüllü “Zorakılıq, zorakılığa məruz qalmış qruplar və onlarla iş” mövzusunda məlumatlandırılıb: “Psixoloji test və tapşırıqlar əsasında interaktiv formada keçirilən digər təlimin iştirakçıları xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri və ya qəyyumları olub. Sosial pedaqoji və psixoloji dəstək departamentinin əməkdaşları tərəfindən onlarla inklüziv təhsil hüquqları, sağlamlıq imkanları məhdud uşaqların ailələrinin sosial-psixoloji dəstək prosesinə cəlb olunmasının əhəmiyyəti ilə bağlı maarifləndirici müzakirələr aparılıb. Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərində yaranan stress amilləri və onlarla psixoloji işin əhəmiyyəti, uşaqlarda problemli davranışlar, onların səbəbləri, valideyn-övlad münasibətlərinin optimallaşdırılmasına dair bəzi tövsiyələr xüsusi diqqətdə saxlanılıb, bu xüsusda bir sıra əyani texnika tətbiq edilib”.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli sərəncamı ilə hər il iyunun 18-i İnsan hüquqları günü kimi qeyd edilir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən 18 may- 18 iyun tarixləri ölkəmizdə “İnsan Hüquqları Aylığı” elan olunub.