Son yeniləmə: 9 İyun 2023 12:11
Hasan Öztürk: Türkiyə yeni kabinetlə yeni bir dövrə qədəm qoydu
BAYRAQDAR MEDİA – “Yeni hökumət kabinetinin tərkibinin dəyişdiriləcəyi tam gözlənilən idi. Sayın Cümhurbaşqanı Recep Tayyip Erdoğan seçki dövründə belə bir kabinet quracağına dair eyhamlar etmişdi”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında qardaş Türkiyədə fəaliyyət göstərən “Ülke” TV-nin rəhbəri, tanınmış jurnalist Hasan Öztürk deyib.
Türkiyənin yeni hökumət kabineti ilə bağlı dəyərləndirmə edən H.Öztürk bildirib ki, seçki vaxtı köhnə kabinetdə iki nazir istisna olmaqla digərləri millət vəkilliyinə namizəd kimi mübarizəyə qoşulmuşdu: “Elə həmin vaxt iki nazir istisna olmaqla, digərlərinin kabinet üzvü olmayacağı barədə artıq məlumat paylaşılmışdı. Sonda belə də oldu. Hazırda kabinetdə millət vəkili olmayan köhnə kabinetdən cəmi iki nazir var. Digərləri isə əsasən nazir müavinlərindən ibarət olan yeni kabinet formalaşdırılıb”.
Yeni kabineti peşəkarlardan ibarət komanda kimi dəyərləndirən müsahibimiz bildirib ki, burada diqqətçəkən bir neçə şəxs var: “Onlardan biri də vitse-prezident Cevdet Yılmazdır. Dövlət Planlama Təşkilatındakı 20-25 il ərzində Türkiyənin inkişafında mühüm rol oynayan Cevdet Yılmaz yeni vitse-prezidentdir. C.Yılmaz çox çalışqan və çox güclü bir plana sahib olan bir şəxsdir. Belə insanlar haqqında adətən “atom qarışqası kimi çalışır” ifadəsi işlədilir. Onun yeni kabinetdə də ölkəyə uğur gətirəcəyinə şübhə yoxdur”.
Vurğulanıb ki, yeni kabinetdəki diqqət çəkən məqam MİT-in keçmiş rəhbəri Hakan Fidanın xarici işlər naziri təyin edilməsidır: “Hakan Fidan 13 il MİT-in rəhbəri olub. TİKA-ya rəhbərliyi dövründə Türkiyəyə və türk dünyasına uğurla xidmət edən H.Fidan həmçinin, müasir dövrdə Türkiyə-ABŞ, Türkiyə-Rusiya münasibətləri məsələsində fəal rol almış birisidir. Türkiyənin xarici siyasətinin formalaşmasında yaxından iştirak edib, eləcə də MİT rəhbərliyi dövründə müasir Türkiyənin xarici siyasət qurucularından biri olub”.
H.Öztürk qeyd edib ki, iqtisadi sahədə də mühüm dəyişikliklər oldu: “Beynəlxalq maliyyə qurumlarında fəal olan Mehmet Şimşək xəzinə və maliyyə naziri oldu. Kifayət qədər tanınmış və işinin ustası olan bir şəxsdir. O, ilk açıqlamasında rasional siyasətin həyata keçiriləcəyini söylədi”.
Qeyd olunub ki, yeni kabinetdə diqqəti çəkənlərdən biri də milli təhsil naziri Yusuf Tekindir: “Yusuf Tekin 2013-cü ildə milli təhsil müşaviri olarkən FETÖ-nün özəl tədris müəssisələrinə qarşı ilk addım atanlardan biri olub. Yusuf Təkin həm də təhsil ictimaiyyətində tanınan addır. Onun milli təhsil naziri olması bizi sevindirir. Çünki uşaq bağçasından ali təhsilə qədər dəyərlər təhsili yeni dövrdə Türkiyənin gündəmində olacaq”.
“Son olaraq isə milli müdafiə nazirini qeyd etmək lazımdır. Yaşar Güler paşa 2018-ci ildə Baş Qərargah rəisi olduğu gündən əvvəlki komandanı, yəni əvvəlki milli müdafiə naziri Hulusi Akarla çox ahəngdar bir proses keçib və terrorla mübarizə kursunda addımlar atıb. Yaşar Güler Paşa bu işin başında idi və bir bürokrat olaraq siyasətlə çox ahəngdar işləyirdi. Y.Gülər eyni zamanda terrorla mübarizədə də eyni qətiyyəti göstərib. Onun milli müdafiə naziri kimi bu istiqamətdə yeni-yeni addımlar atacağına kimsə şübhə etmir. Ümumiyyətlə deyə bilərik ki, Türkiyə yeni kabinetlə yeni bir dövrə qədəm qoydu. Türkiyə əsrinin vizyonu ilə başlayan bu dövrdə, Türkiyə Cümhuriyyətinin 100-cü ildönümündə yeni kabinetdən gözləntilər böyükdür” deyə, o, sonda əlavə edib.