Press "Enter" to skip to content

Teatrların qastrol səfərləri davam edir

Qastrol səfərləri başlayır

BAYRAQDAR MEDİA – Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyi münasibətilə paytaxtda və bölgələrdə fəaliyyət göstərən teatrların regionlara qastrol səfərləri həyata keçirilir.

Bu haqda sözügedən Nazirliyin yaydığı xəbərdə deyilir.

Xəbərdə bildirilir ki, “uzun illərdən sonra ilk dəfə belə geniş şəkildə təşkil olunan qastrol aksiyasının məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının daha mənalı keçirilməsi, yerli yaradıcı kollektivlərlə sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdan ibarətdir. Eyni zamanda bu aksiya ilə ölkəmizdə ümumilikdə teatr proseslərinin canlandırılması nəzərdə tutulur”.

Daha sonra xəbərdə qeyd olunur ki, “qastrol səfərlərinə bu ilin mart ayında başlanılıb və növbəti aylarda da davam etdirilib. Qastrol aksiyasının iyun ayına nəzərdə tutulan proqramına əsasən, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, Qax Dövlət Kukla Teatrı, Şəki Dövlət Dram Teatrı və Qusar Dövlət Ləzgi Dram Teatrı Gəncə, Mingəçevir, Şəki, Lənkəran şəhərlərində və Zəngilan (Ağalı kəndi), Salyan, Quba, Şabran rayonlarında tamaşa göstərəcək. Bundan əlavə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr sənəti fakültəsinin tələbələri Mingəçevir və Şəki şəhərlərində diplom tamaşası ilə çıxış edəcəklər”.

Mission News Theme by Compete Themes.