Son yeniləmə: 9 İyun 2023 18:45
BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasına M.Abbasovun “Təlim-tərbiyə işində nitq nöqsanlarının islahı (ata-ana və müəllimlərə rəhbər)” adlı kitabı daxil olub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya iyunun 9-da sözügedən Kitabxanadan daxil olub.
Xəbərdə deyilir ki, “kitabı II nəşr çapa hazırlayan Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş mütəxəssisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Elm və həyat” jurnalının redaktor müavini Ülkər Hüseynovadır. Pedaqoji elmlər namizədi Muxtar Abbasovun nitqi nöqsanlılığın müalicəsindən bəhs edən bu kitabı Azərbaycanda yazılmış ilk elmi nəşrdir. İxtisasca həkim, loqoped olan M.Abbasov uzun illər uşaqlarda erkən yaşlarında ən çox təsadüf edilən pəltəklik, kəkələmə kimi qüsurların müalicəsi ilə məşğul olub. Məlumdur ki, nitq insanın təfəkkür və hisslərini ifadə etmək üçün bir vasitə olub təfəkkürlə vəhdət təşkil edir. Nitq vasitəsilə biz öz ictimai-sinfi mühitimizlə mürəkkəb əlaqə və münasibətdə oluruq. Düzgün, aydın və gözəl nitqə malik olmaq üçün bu köməkedici vəsaitdən davamlı və məqsədəmüvafiq iş aparılaraq istifadə etmək olar. Nəşr pəltəklik və kəkələmə kimi nitq nöqsanlarının müalicəsində aktuallığını bu gün də itirməyib”.
Qeyd edək ki, rəhbər kitab ali məktəb tələbələri, loqopedlər, həkimlər və nitq qüsurları ilə məşğul olan mütəxəssislər üçün çox faydalıdır.