BAYRAQDAR MEDİA – Son günlərin qaçaqaçında bir neçə dəfə taksidən istifadə etməli oldum. Sağ olsunlar, hər dəfə normal, nəzakətli xidmət göstərdilər. Hətta sevindim ki, hər kəsin şikayətləndiyi xidmətdə bəxtimə belə nəzakətli sürücülər çıxdı.
Və taksi sürücülərini də dinlədik. Fürsətkən, hal-əhval tutduq, fikir mübadiləsi apardıq. Faydalı oldu. Hamısını yazan deyiləm, amma birinin üzərində dayanmağı düşünürəm.
Bolt taksisi idi. Həmişə tənqid hədəfi olan “Prius”du. Təmiz, səliqəli, heç bir problemi olmayan maşındı. Sürücü isə olduqca nəzakətli, mədəni. Ləhcəsindən talış balası olduğu qənaətinə gəldim.
Bəlkə də yanılıram, amma mənə elə gəldi. Lakin önəmli olan bu deyil…
Sürücümüz deyirdi ki, ilk fürsətdə Azərbaycandan qaçmağı düşünür. Avropaya getmək istəyir.
Mənim də hara tələsdiyimi soruşdu. Dedim ki, İsveçrə səfirliyinə çatmalıyam, viza üçün. Qayıtdı ki, “bax, müəllim, siz də qaçmaq istəyirsiniz bu ölkədən”. Cavab verdim ki, “həmişə əlimdə imkan olsa da heç vaxt Azərbaycanı buraxıb hansısa xarici ölkədə yaşamaq haqqında düşünməmişəm. Sadəcə işim elədir ki, tez-tez səfərlərdə oluram”.
Sürücümüz bu dəfə qayıtdı ki, “müəllim, amma mən bu ölkədən mütləq qaçmaq istəyirəm. Çünki ailəmi dolandıra bilmirəm. Səhərdən axşama kimi işləyirəm ki, uşaqlarıma çörək aparım. İstirahət yox, bayram yox, ailəyə vaxt ayıra bilmirəm. Həyat deyil bu”.
Onunla razılaşdım. Və əlavə etdim ki, normalda bir insan belə işləməməlidir. Hələ gənc adamların əlavə əyləncəyə, ailəyə, dincəlməyə, səfərlərə imkanı olmalıdır.
Bu sözlərimi eşidəndə sürücümüzün gözləri işıqlandı. Dedi ki, “bəli, müəllim, mən də belə düşünürəm və belə istəyirəm”.
Sonra da əlavə etdi ki, “mənim siyasətlə işim yoxdur. Normal işim, rahatlığım olsa nə işim var xaricdə? Elə ölkəmdə qalıb yaşayaram da”…
Onu da dedi ki, “normal yaşamağa qoymurlar. İndi də taksi xidmətinə əl qoyur kimlərsə. Ki, kasıb-kusubun qazandığı üç-beş manatı da əlindən alsınlar”.
Bu sürücü haqlıdırmı?
Məncə haqsız sayılmaz. Doğrudan da niyə adi bir vətəndaş – gənc ailə başçısı həftədə beş gün, gündə 8 saat işləməklə ailəsini dolandırmağa imkan tapa bilməsin? Niyə onun kimi gənclərimiz Vətən çağıranda heç nə düşünmədən özünü düşmən gülləsinin önünə atdığı halda adi həyatda bu qədər problemlə üz-üzə qalmalıdır?
Bu suallar şəxsən məni də düşündürür. Məni həm də o düşündürür ki, bizim insanlarımızın xaricə can atmasının qarşısını mümkün qədər tez almalıyıq.
Bəs bunu necə edə bilərik? Yaxud da etməliyik?
Çıxış yolu var.
Ölkədəki gərəksiz bürokratiyanı mümkün qədər azaltmaq, adi vətəndaşların addımbaşı pozulan hüquqlarına həssas yanaşmaq işin çözümündə əsas nöqtədir.
Ardından da əmək bazarında normal tənzimləməyə gedilməlidir. Taksi sürücülərindən danışırıqsa, onların işini elə tənzimləmək olar ki, həm 8 saat işlər, həm də yetərincə pul qazana bilərlər.
Ümumiyyətlə isə ölkəni bir parça çörək üçün tərk etmək istəyənlərə yönəlik ciddi dövlət proqramı olmalıdır. Bu cür adamların hansısa siyasi tələbi yoxdur. Deyir ki, ailəmi normal dolandırmaq, normal yaşamaq istəyirəm. Düz də deyir. Haqlıdır bu adam yəni. Dövlət də haqlı olanı dinləməyə borcludur.
Sürücüyə onu da dedim ki, “mən də sizin kimi düşünürəm. Azərbaycan bu qədər böyük imkanlara sahibkən sizin kimi vətəndaşının nicatı xaricdə axtarması nələrinsə və ya kimlərinsə yerində olmamasından xəbər verir”.
Yolun sonuna doğru sürücü qayıtdı ki, “müəllim, siz tanış gəlirsiniz mənə, adınız Azər deyil?”.
Cavab verdim ki, “bəli, adım Azərdir”. Qayıtdı ki, “Azər Həsrət. Mən sizi tanıyıram, jurnalistisiniz”.
Tanıması bir yana, onunla həmfikir olmağım sürücünü sanki çox sevindirdi. Çünki söhbətin başlanğıcındakı çəkingənlik, ehtiyatlılıq sonda yerini etimada-etibara verdi.
Bilmirəm, heç tanımadığım, bəlkə də bundan sonra heç rast gəlməyəcəyim bir taksi sürücüsünün bu etimadını nəyə borcluyam. Amma düşündüm ki, onun dərdlərini mütləq ictimailəşdirməliyəm. Bunu özünə də dedim.
Sonda onu da dedim ki, “çıxış yolu ölkədən birdəfəlik getməkdə deyil, bu ölkəni sizin kimi taksi sürücülərinin də normal, xoşbəxt, rahat yaşaya biləcəyi bir vəziyyətə gətirməkdir”…
Bəs bunu necə etmək olar? Ümumiyyətlə etmək olarmı?
Əlbəttə olar. Sadəcə inhisarlar, məmur özbaşınalığı, rüşvət, süründürməçilik, yerlibazlıq, qohumbazlıq aradan qaldırılmalıdır.
Prezident İlham Əliyev illərdir bu bəlalara qarşı mübarizə aparır. Ölkənin demək olar ki, bütün istiqamətlərində yeni kadrlar təyin edilib. Amma baxırıq ki, yenə də rüşvət, yerlibazlıq, tayfabazlıq, qohumbazlıq nəinki qalır, bəzən inkişaf da edir.
Görünür, Prezident İlham Əliyev yenidən yaxşı bir süpürgə çəkməli olacaq ki, bu cür gənclərimiz nicatı xaricdə axtarmasınlar.
Biz isə hər zaman olduğu kimi yenə də bu prosesin və cənab Prezidentin arxasında olmağa davam edəcəyik.