BAYRAQDAR MEDİA – İyunun 7-də Azərbaycan Turizm Bürosunun İsrailin Təl-Əviv şəhərindəki nümayəndəliyinin ofisində “Azərbaycan İsrail fotoqraflarının gözü ilə” adlı fotosərginin açılışı olub.
Bu barədə BAYRAQDAR MEDİA-ya iyunun 8-də Dövlət Turizm Agentliyindən məlumat verilib.
Bildirilib ki, sərgidə İsrailin tanınmış fotoqraflarından olan Viktor Zislinin bələdçiliyi ilə Azərbaycana səyahət edən İsrail fotoqraflarının əsərləri nümayiş olunub: “Azərbaycana səfərlər zamanı çəkilmiş fotolar arasından seçilən 20 ən uğurlu foto Bakı və Azərbaycanın digər regionlarının mənzərələrini, təbiətini, tarixi və müasir memarlıq abidələrini əks etdirir. Tədbir çərçivəsində Viktor Zislin və digər fotoqraflar öz çıxışlarında şəkillərin çəkildiyi məkanlar haqqında məlumat verərək, təəssüratları bölüşüblər”.
Məlumatda o da qeyd edilib ki, “Azərbaycan İsrail fotoqraflarının gözü ilə” adlı fotosərgi 8-29 iyun tarixlərində Azərbaycan Turizm Bürosunun Təl-Əviv şəhəridə, “Herbert Samuel 10” ünvanında yerləşən nümayəndəlik ofisində ictimaiyyətin ziyarətinə açılacaq.