Son yeniləmə: 11 İyun 2023 20:20
Emin Həsənli: Yaşar paşa da Hulusi Akar kimi bir Azərbaycan sevdalısıdır
BAYRAQDAR MEDİA – “Qardaş Türkiyədə parlament və cümhurbaşqanlığı seçkilərindən sonra yeni Nazirlər Kabineti formalaşıb. Daha doğrusu, iki nazir istisna olmaqla, köhnə kabinetdəki digər nazirlərin hamısı dəyişib. Bu, Türkiyənin yeni yüz ilə yeni hökumətlə qədəm qoyması kimi də dəyərləndirilə bilər”.
Bunu BAYRAQDAR MEDİA-ya “Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının və “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.
Onun sözlərinə görə, istər köhnə, istərsə də yeni nazirlər Azərbaycana xüsusi sevgi ilə yanaşan şəxslər kimi tanınır: “Mən bu kontekstdə yeni müdafiə naziri Yaşar Güler haqqında qeyd etmək istəyirəm. Y.Güler Türkiyə Silahlı Qüvvələrində müxtəlif vəzifələrdə uğurla xidmət edib. Həm həmin dövrlərdə, həm də Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olarkən Azərbaycana xüsusi diqqəti ilə tanınıb. Azərbaycan və Türkiyə ordularının birgə təlimlərində yaxından iştirak edib. Dəfələrlə Azərbaycana səfər edib”.
E.Həsənli Y.Gülerlə bir neçə dəfə görüşdüyünü də bildirib: “Yaşar paşa da Hulusi Akar kimi bir Azərbaycan sevdalısıdır. Bunu mən onunla şəxsən görüşlərimizdə də müşahidə etmişəm. Son olaraq isə mayın 26-da Azərbaycanın müstəqillik günü ilə bağlı Ankarada keçirilən tədbirlərdə Yaşar Gülerlə görüşümüz olub. Azərbaycanı Türkiyə qədər sevir. Azərbaycana böyük sevgisi var. Belə bir şəxsin müdafiə naziri təyin edilməsi Azərbaycanla hərbi sahədə əməkdaşlığın davam və daha da inkişaf etdiriləcəyi deməkdir. Azərbaycan Ordusu Türkiyə ordu modelinə keçir və bu istiqamətdə də mühüm addımların atılacağını söyləyə bilərik”.
E.Həsənli qeyd edib ki, Y.Gülerin terrorçulara qarşı mübarizədə də böyük təcrübəsi var: “Ona görə də yeni dönəmdə Türkiyə Ordusunun terrorçulara qarşı mübarizədə yeni uğurlar qazanacağına böyük ümidlər var. Yəni Hulusi Akarın dönəmində bu sahədə atılan addımlar yeni dövrdə də davam etdiriləcək”.