Son yeniləmə: 7 İyun 2023 15:21
2023-cü il mövsümündə taxıl biçini prosesinə 2 minədək taxılbiçən kombaynın cəlb olunması nəzərdə tutulur
BAYRAQDAR MEDİA – “Bu il ölkə ərazisində 1 058 398,9 hektar sahədə taxıl əkilib, bunun 658 383,7 hektarı buğda, 400 015,2 hektarı isə arpa sahəsidir”.
Bu barədə BAYRAQDAR MEDİA-ya iyunun 7-də Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, taxıl biçini prosesinin idarə olunması məqsədilə Kənd Təsərrüfatı Nazirliyində və Dövlət Aqrar İnkişaf mərkəzlərində qərargahlar yaradılıb: “Biçinin optimal müddətdə başa çatdırılması, məhsulun vaxtında və itkisiz yığılması üçün nazirliyin prosesdə iştirak edən qurumlarının fəaliyyətləri qərargah tərəfindən koordinasiya olunur, taxıl biçininin gedişi vəziyyəti gündəlik olaraq nəzarətdə saxlanılır və operativ zəruri tədbirlər həyata keçirilir. “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən biçinlə bağlı hazırlıqlar yekunlaşıb”. Məlumata görə, hazırlıq ərəfəsində bütün rayonlar üzrə biçinə cəlb ediləcək mövcud kombaynlara texniki baxış keçirilib, nasaz vəziyyətdə olan texnikalarda təmir, sazlama işləri görülüb: “Hazırlıqların ilkin mərhələsində cari ildə taxıl biçininin itkisiz və mütəşəkkil aparılması məqsədilə kombaynları idarə edəcək mexanizatorlara ödənişsiz təlimlər keçirilib. Cari ildə müxtəlif markalı kombaynlar üzrə ümumilikdə, 283 mexanizator təlimlərdə iştirak edib. Təlimlərdə yüksək nəticə əldə edən mexanizatorlar sertifikat ilə təmin olunublar. Həmçinin biçin zamanı dislokasiya planına nəzarət edilməsi üçün kombaynlar GPS nəzarət sistemi ilə təchiz edilib. Bu innovativ nəzarət sistemi biçin zamanı operativliyin təmin edilməsi, biçin prosesinə və dislokasiya planına nəzarət edilməsi və şəffaf idarə etmə mexanizminin qurulmasına imkan yaradır”.
Bildirilib ki, hər il olduğu kimi, bu il də kənd və qəsəbələrdə biçin prosesi növbəlilik əsasında aparılır: “Növbəliliyin yaradılmasına icra nümayəndəlikləri və bələdiyyələr tərəfindən dəstək göstəriləcək, biçinə və növbəlilik sisteminə nəzarətin təmin olunması isə Dövlət Aqrar İnkişaf mərkəzləri (DAİM) tərəfindən həyata keçiriləcək. 2023-cü il mövsümündə taxıl biçini prosesinə 2 minədək taxılbiçən kombaynın cəlb olunması nəzərdə tutulur. Bunların 670-i “Aqroservis” ASC-nin balansına aiddir”.