Son yeniləmə: 7 İyun 2023 18:34
BAYRAQDAR MEDİA – Beynəlxalq Əmək Təşkilatına (BƏT) üzv ölkələrin hökumət nümayəndələri və sosial tərəfdaşların iştirakı ilə Cenevrədə (İsveçrə) Beynəlxalq Əmək Konfransının 111-ci sessiyası keçirilir. Sessiyada çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev BƏT-in Baş direktoru Jilbert Hunqbonun sessiyanın açılışında etdiyi məruzədəki məsələlərin aktuallığını qeyd edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya iyunun 7-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazir mürəkkəb siyasi-iqtisadi proseslərin regional və qlobal miqyasda mənfi təsirlərinə baxmayaraq, Azərbaycanda yüksək inkişaf tempinin davam etdiyini, ölkədə son 5 ildə sosial ödənişlərdəki ciddi artımları, habelə sosial sektorda həyata keçirilən böyük rəqəmsallaşma proqramının nəticələrini, artıq 140-dan çox sosial xidmətin elektronlaşdırıldığını diqqətə çatdırıb: “DOST konsepsiyasının nailiyyətlərindən, “Əmək və Məşğulluq” altsisteminin mühüm faydalarından bəhs olunub. İşğaldan azad edilmiş ərazilərimizdə aparılan quruculuq işləri barədə məlumat verilib. Azərbaycanın 2019-cu ildən Qoşulmama Hərəkatının sədri olmaqla pandemiyaya qarşı mübarizədə qlobal səylərin güclənməsi üçün uğurlu təşəbbüslərindən bəhs olunub. COVID-19 pandemiyasından sonra üzv ölkələrdə səmərəli məşğulluq tədbirlərinin və xüsusən həssas qruplarla bağlı sosial müdafiənin gücləndirilməsinin, BƏT-lə sıx əməkdaşlığın önəmi vurğulanıb”.
Qeyd edilib ki, BƏT-in 111-ci sessiyası çərçivəsində Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatı əmək nazirlərinin iclası da keçirilib. İclasda BƏT-in Baş direktoru J.Hunqbo da iştirak edib: “İclasa sədrlik edən S.Babayev çıxışında ölkəmizin Qoşulmama Hərəkatının sədri kimi pandemiyaya qarşı qlobal mübarizdə fəal iştirakını vurğulayıb. Ölkəmizin bu istiqamətdə uğurlu təşəbbüsləri, o cümlədən bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışı üçün qətnamələrin qəbulu ilə bağlı təşəbbüsləri qeyd olunub. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə Görüşündə COVID-19-dan sonra Qlobal Bərpa üzrə BMT-nin Yüksək Səviyyəli Panelinin yaradılması təklifinin də irəli sürüldüyü, Azərbaycanın habelə Hərəkatın institusional inkişafına güclü dəstəyi, bütün bu addımların Hərəkatın beynəlxalq nüfuzunu xeyli gücləndirdiyi vurğulanıb”.