Son yeniləmə: 7 İyun 2023 11:45
BAYRAQDAR MEDİA – Respublikanın bölgələrində arpa biçini davam edir. İlkin mərhələdə dəmyə ərazilərdə aparılmış əkin sahələrində arpa biçininə başlanılıb.
Kənd Təsərrüfatı Nazirliyindən BAYRAQDAR MEDİA-ya iyunun 7-də verilən məlumata görə, hər il olduğu kimi, 2023-cü il taxıl biçini mövsümünə Neftçala rayonunda başlanıb: “Payızlıq əkinlər dövründə Neftçalada 30 min hektardan artıq sahədə taxıl səpini aparılıb. Sahələrin təxminən 80 faizinə arpa səpilib. Əlverişli iqlim şəraiti Neftçalada arpanın digər rayonlara nisbətən daha tez yetişməsinə səbəb olur. Bu səbəbdən respublikada ilk kütləvi biçin prosesi məhz Neftçala rayonunda başlayır. Qısa müddət ərzində rayon üzrə taxıl sahələrinin 30 faizində biçin prosesi başa çatıb. Biçinin sürətlə getməsinin səbəbi prosesə çoxlu sayda kombaynın cəlb olunması, “Aqroservis” ASC tərəfindən əvvəldən müəyyən olunmuş tələbata uyğun olaraq Neftçalaya digər rayonlardan əlavə kombaynların dislokasiya edilməsidir”.
Məlumata görə, ilk günlər biçin prosesində 105 kombayn iştirak edib: “Digər rayonlarda arpa biçininin başlaması ilə əlaqədar kənardan cəlb edilmiş kombaynların bir hissəsi öz dislokasiya ərazilərinə qaytarılıb. Hazırda Neftçalada gedən biçin prosesində 72 kombayn iştirak edir. Bunlardan 19-u “Aqroservis” ASC-nin yerli rayon bölməsinin balansında olan kombaynlardır, “Aqroservis” tərəfindən digər rayon bölmələrindən Neftçalaya 24 əlavə kombayn dislokasiya edilib. Biçinə, həmçinin fiziki və hüquqi şəxslərə məxsus 29 özəl kombayn da cəlb olunub. Rayonun arpa sahələrində biçin prosesinin iyun ayının ikinci ongünlüyündə tam başa çatacağı proqnozlaşdırılır. Qeyd edək ki, hazırda respublikanın 36 rayonunda arpa biçini davam edir. Bu günə qədər 54400 hektar sahədə arpa biçini başa çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20586 hektar artıqdır. Sahələrin 19380 hektarı “Aqroservis” ASC-nin kombaynları, qalan hissəsi isə özəl kombaynlar vasitəsilə biçilib”.
Qeyd edilib ki, biçin prosesi davam edir.