BAYRAQDAR MEDİA – İyunun 9-da saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünya şöhrətli ispan yazıçısı Migel de Servantesin “Don Kixot” romanının motivləri əsasında hazırlanan “Psix” tamaşası nümayiş olunacaq.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya iyunun 7-də sözügedən Teatrdan daxil olub.
Xəbərdə deyilir ki, “18 yaşından yuxarı tamaşaçılar üçün nəzərdə tutulan səhnə əsərinin quruluşçu rejissoru və səhnələşdirəni Teatrın quruluşçu rejissoru Ər-Toğruldur. Tamaşada dahi bəstəkar, SSRİ Xalq artisti Qara Qarayevin “Don Kixot” simfonik qravürlərindən istifadə edilib. Bədii rəhbəri ADAMT-ın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev olan tamaşanın musiqi rəhbəri Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Teatrın baş rəssamı Vüsal Rəhim, konsertmeysteri Kamil Həsənov, rejissor assistenti Zaur Əliyevdir”.
Qeyd edək ki, səhnə əsərində Don Kixot obrazını Xalq artisti Pərviz Məmmədrzayev ifa edəcək. Teatrın gənc və istedadlı aktyorları Nicat Əli Sanço Pansa, Gültac Əlili Dulsineya, Zaur Əliyev Xidmətçi obrazlarında səhnəyə çıxacaqlar.