Press "Enter" to skip to content

Zakir Həsənov Hulusi Akara təşəkkür, Yaşar Güleri isə təbrik edib

BAYRAQDAR MEDİA – Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin sabiq milli müdafiə naziri Hulusi Akara minnətdarlıq məktubu göndərib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, məktubda nazir öz adından və Azərbaycan Ordusunun şəxsi heyəti adından H.Akara milli müdafiə naziri olduğunuz müddətdə birgə fəaliyyətə görə minnətdarlıq edib. Məktubda H.Akarın daim Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsinə və Azərbaycan Ordusunun təkmilləşdirilməsinə, döyüş qabiliyyətinin yüksəldilməsinə böyük töhfə verdiyi qeyd olunub: “Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində də Azərbaycan xalqına və ordumuza daim mənəvi dəstək olmusunuz. Siz həmişə Azərbaycanı və Azərbaycan Ordusunu sevmisiniz. Əminəm ki, Türkiyə Böyük Millət Məclisində fəaliyyətiniz zamanı da hər iki qardaş ölkənin ordularının qüdrətlənməsi naminə əməyinizi əsirgəməyəcəksiniz. Sizi öz adımdan və Azərbaycan Ordusunun şəxsi heyəti adından təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram”.

Nazirlikdən verilən məlumata görə, Z.Həsənov həmçinin, qardaş Türkiyənin yeni müdafiə naziri ordu generalı Yaşar Gülərə təbrik məktubu göndərib.

Məktubda Y.Gülerin Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olarkən də Azərbaycan Ordusunun təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsinə dəstəyini əsirgəmədiyi vurğulanıb. Nazir əmin olduğunu bildirib ki, Y.Gülerin Türkiyənin milli müdafiə naziri olduğuz müddətdə də birgə fəaliyyət yüksək səviyyədə davam edəcək.

“Azərbaycan və Türkiyə orduları arasında əməkdaşlığın daha da inkişafına və güclənməsi istiqamətində atılan addımlara böyük töhfələr verəcəksiniz. Sizi bir daha öz adımdan və Azərbaycan Ordusunun şəxsi heyəti adından səmimi qəlbdən təbrik edir, gələcək fəaliyyətinizdə böyük uğurlar arzulayıram” deyə məktubda daha sonra bildirilib.

Mission News Theme by Compete Themes.