Press "Enter" to skip to content

Yaşar Güler tam bir Azərbaycan sevdalısıdır

Yaşar Güler (solda) və Hulusi Akar

Son yeniləmə: 10 Avqust 2023 12:38

Dr. Yücel Karauz: O, Qafqaz regionunda həm hərbi, həm də hərbi-siyasi vəziyyətə yaxından bələd olan peşəkar bir hərbçidir

BAYRAQDAR MEDİA – “Yaşar paşa bu vaxta qədər təyin olunduğu bütün vəzifələrdə xüsusi fəallığı, məhsuldarlığı və dövlətə sədaqətlə xidməti ilə fərqlənib”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Yaşar Gülerin Türkiyənin milli müdafiə naziri təyin edilməsini dəyərləndirən Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib.

“Məlum olduğu kimi, iyunun 3-də yeni Nazirlər Kabineti sayın Cümhurbaşqanı Recep Tayyip Erdoğan tərəfindən açıqlandı. Keçmiş hökumət kabinetindən iki nazir – səhiyyə naziri Fahrettin Koça, həmçinin, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy istisna olmaqla digər nazirlərin hamısı dəyişdi” deyə Dr. Y.Karauz qeyd edib.

Peşəkar mütəxəssislər komandası

Dr. Y.Karauz bildirib ki, xarici dil bilgisinə malik Y.Güler eyni zamanda xarici ölkələrin silahlı qüvvələrinin və müdafiə qurumlarının təmsilçiləri ilə yüksək əlaqələrə malikdir: “Bundan başqa, Yaşar paşa Türkiyə, türk dünyası və Azərbaycan sevdası ilə fərqlənən, Türkiyə yüz ilinə xidmət edəcək bilgiyə və potensiala sahib, təhvil aldığı bayrağı daha da yüksəkliklərə daşiya biləcək bir şəxsdir”.

Qeyd olunub ki, Y.Güler Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahında bu vaxta qədər icra etdiyi bütün vəzifələrdə bir vacib məqama görə də fərqlənib: “Yaşar paşa istər Egitim Dairə başqanı, istər İstihbarat başqanı, istər Baş Qərargah rəisinin müavini, istər Jandarma genel komutanı, istərsə də Silahlı Qüvvələrin Baş Qərargahının rəisi olarkən Azərbaycana və Qafqaza xüsusi diqqət ayırıb. Bu diqqət Azərbaycanın 44 günlük Vətən müharibəsində xüsusilə özünü biruzə verib. O, Qafqaz regionunda həm hərbi, həm də hərbi-siyasi vəziyyətə yaxından bələd olan peşəkar bir hərbçidir. Ən əsası isə Yaşar Güler tam bir Azərbaycan sevdalısıdır. Bu vaxta qədər Azərbaycana onlarla səfər edib. Mən Yaşar Gülerin sayın Hulusi Akardan aldığı bayrağı daha da irəli aparacağına, onun bu vəzifəyə təyinatının həm Türkiyə-Azərbaycan, həm də Türkiyə-türk dünyası əlaqələrinin daha da inkişafına olduqca müsbət təsir göstərəcəyinə inanıram”.

Mission News Theme by Compete Themes.