Press "Enter" to skip to content

Diplomatların üzərinə mühüm vəzifələr düşür

Məzun Gnüündən xatirə fotosu

Son yeniləmə: 5 İyun 2023 15:44

Gənc Diplomatlar üçün Xarici Siyasət Proqramının Məzun Günü keçirilib

BAYRAQDAR MEDİA – İyunun 5-də Xarici İşlər Nazirliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə həyata keçirilən Gənc Diplomatlar üçün Xarici Siyasət Proqramının Məzun Günü olub.

XİN-dən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, Məzun Günündə xarici işlər naziri Ceyhun Bayramov, ADA Universitetinin rektoru səfir Hafiz Paşayev, XİN-in struktur bölmə rəhbərləri, gənc diplomatlar iştirak edib: “Tədbirdə salamlama nitqi ilə çıxış edən ADA Universitetinin prorektoru, İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə, 8 ay müddətində baş tutan Xarici Siyasət Proqramının yekunlaşması münasibətilə Proqram iştirakçılarını təbrik edib, onlara diplomatik fəaliyyətlərində uğurlar arzu edib. Daha sonra ADA Universitetinin prorektorunun müşaviri, İnkişaf və Diplomatiya İnstitutunun direktor müavini Aygün Hacıyeva və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Kadrlar idarəsinin rəisi Raman Məmmədov çıxış edərək 10 oktyabr 2022-ci il – 20 may 2023-cü il tarixlərində həyata keçirilən Xarici Siyasət Proqramının məzmunu, müxtəlif sahələr üzrə təşkil olunmuş təlimlər və səfərlər haqqında ətraflı məlumat veriblər. Proqramın məzmununun bundan sonra da təkmilləşdirilməsi istiqamətində addımların davam etdiriləcəyi diqqətə çatdırılıb. Sonra Gənc Diplomatlar üçün Xarici Siyasət Proqramının hesabat videoçarxı nümayiş olunub”.

Məlumata görə, daha sonra çıxış edən Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, çoxmərhələli imtahan prosesi nəticəsində diplomatik xidmətə qəbul olunmuş gənc diplomatları Xarici Siyasət Proqramının məzunu olmaları münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzu edib: “Hazırkı dövrdə transformasiyaya uğrayan beynəlxalq münasibətlər sistemində ölkəmizin milli maraqlarına əsaslanan Prezident İlham Əliyevin müəyyən etdiyi xarici siyasət kursunun irəlilədilməsində diplomatların üzərinə mühüm vəzifələrin düşdüyü qeyd olunub. Bu istiqamətdə, nazir Ceyhun Bayramov bu kimi çağırışların öhdəsindən gəlmək üçün diplomatların bilik və bacarıqlarının artırılmasının vacib olduğunu vurğulayıb”.

Daha sonra çıxış edən və öz diplomatik təcrübəsini iştirakçılarla bölüşən ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev gənc diplomatlara fəaliyyətlərində uğurlar arzu edib.

Sonra proqram iştirakçıları çıxış edərək proqram haqqında fikir və təəssüratlarını diqqətə çatdırıb, habelə proqram təşkilatçılarına öz təşəkkürlərini bildiriblər.

Sonda gənc diplomatlar Proqramda iştirakları ilə bağlı sertifikatlarla təltif olunublar.

Mission News Theme by Compete Themes.