Press "Enter" to skip to content

Son beş ildə 4 sosial islahat paketi icra olunub

Anar Kərimov

Son yeniləmə: 2 İyun 2023 14:45

DOST Agentliyində “2018-2023: sosial islahatlar və əldə olunan nailiyyətlər” mövzusunda mətbuat konfransı keçirilib

BAYRAQDAR MEDİA – DOST Agentliyində “2018-2023: sosial islahatlar və əldə olunan nailiyyətlər” mövzusunda mətbuat konfransı keçirilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasətinin mərkəzində vətəndaş amilinin, vətəndaş rifahının təminatının dayandığını deyib: “Dövlət başçısının tapşırıqları əsasında son beş ildə 4 sosial islahat paketi icra olunub. 4 milyondan çox vətəndaşı əhatə edən həmin sosial islahatlar nəticəsində minimum aylıq əməkhaqqında 2,7 dəfə, minimum pensiyada 2,5 dəfə, orta aylıq əməkhaqqında 65 faiz, median əməkhaqqında 2,1 dəfə, əməkhaqqı fondunda 2,5 dəfə, orta aylıq pensiyada 2,1 dəfə, sosial müavinət və təqaüd ödənişlərində 5 dəfə, ünvanlı sosial yardımın orta aylıq məbləğində 2,5 dəfə artım baş verib, 10-dan çox yeni sosial ödəniş növü təsis olunaraq və sosial təminat sistemində bir sıra humanist yanaşmalar, güzəştlər tətbiq edilməklə bu sistemin əhatə dairəsi daha da genişləndirilib. Həmin 4 sosial islahat paketi üzrə əlavə olaraq ayrılan illik vəsait 6,8 milyard manata çatıb”.

Qeyd olunub ki, Prezident İlham Əliyevin Fərmanı ilə 2019-cu ilin may ayında DOST Agentliyi və həmin vaxtdan 6 DOST Mərkəzi, habelə Zəngilanın Ağalı kəndində ölkə üzrə ilk “Smart DOST” məntəqəsi açılıb: “Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan, 154 növdə sosial xidmətin “bir pəncərə”dən, çevik, tam şəffaf şəkildə təqdim edildiyi DOST mərkəzlərində ötən dövrdə 1 milyon 561 min vətəndaşa xidmət göstərilib, bu xidmətlərdən vətəndaş məmnunluğu 98,5 faiz təşkil edib. DOST konsepsiyası beynəlxalq səviyyədə də yüksək dəyərləndirilərək 9 beynəlxalq mükafat və sertifikatla təltif olunub və DOST təcrübəsini öyrənməyə maraq göstərən ölkələrin sayı daim artır. Hazırda DOST mərkəzləri şəbəkəsinin ölkə boyu genişləndirilməsi işləri diqqətə çatdırılıb”.

Vurğulanıb ki, Prezident İlham Əliyevin tapşırıqları əsasında aparılan sosial islahatların uğurları beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qurumları 2022-ci ildə və 2023-cü ilin ilk rübündə 33 beynəlxalq mükafat və sertifikatla təltif olunub. Dövlət xidmətlərinin 2022-ci ildə “ASAN xidmət indeksi” üzrə qiymətləndirilməsində 24 mərkəzi icra hakimiyyəti orqanı arasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1-ci yerə yüksəlib”.

Mətbuat konfransında sosial sahənin digər istiqamətləri üzrə görülən işlər və əldə olunan nailiyyətlər diqqətə çatdırılıb, jurnalistlərin sualları cavablandırılıb.

Mission News Theme by Compete Themes.