Press "Enter" to skip to content

Seçicilər ilk növbədə sabitliyi dəstəklədilər

Hasan Öztürk

Son yeniləmə: 2 İyun 2023 12:24

Hasan Öztürk: Seçici verilən vədlərin reallaşmasının nə dərəcədə mümkün ola biləcəyini təhlil etdi və gəldiyi nəticəyə əsasən səs verdi

BAYRAQDAR MEDİA – “Əslində seçkilərin birinci turunda, mayın 14-də türk seçiciləri öz istiqamətlərini göstərdilər. Həmin vaxt sayın Recep Tayyip Erdoğan ən yaxın rəqibi Kemal Kılıçdaroğlunu 5 faiz qabaqlayırdı”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında qardaş Türkiyədə fəaliyyət göstərən “Ülke” TV-nin rəhbəri, tanınmış jurnalist Hasan Öztürk deyib.

O, qeyd edib ki, türkiyəli seçicilər mayın 28-də R.T.Erdoğana eyni dəstəyi verdilər: “Nəticədə Recep Tayyip Erdoğan ikinci turda 52,18 faiz səslə qalib gəldi. Hesab edirəm ki, bu nəticə ilə seçicilər ilk növbədə sabitliyi dəstəklədilər. İkincisi, seçici həqiqi olana, inandırıcı vədlərə üstünlük verdi. Yəni seçici verilən vədlərin reallaşmasının nə dərəcədə mümkün ola biləcəyini təhlil etdi və gəldiyi nəticəyə əsasən səs verdi. Bu baxımdan Sayın Erdoğanın xüsusilə zəlzələ bölgəsində səslərini artmasına diqqət etmək lazımdır. Yəni seçici verilən vədlərlə yanaşı görülən işləri də diqqətə aldı. Nəticədə də R.T.Erdoğan həm birinci, həm də ikinci seçkilərdə zəlzələ bölgəsində səslərini artırdı”.

Müsahibimiz qeyd edib ki, əslində, Hatay CHP-nin qalası kimi tanınır: “Lakin Erdoğan orada ikinci turda CHP-nin namizədi Kılıçdaroğlundan daha çox səs topladı. Çünki R.T.Erdoğan real vədlər verirdi və zəlzələdən sağ çıxanlar buna inanır. K.Kılıçdaroğlunun verdiyi vədlər is real deyil. Nümunə olaraq, deyim ki, Cümhurbaşqanı R.T.Erdoğan bir il ərzində evləri tikib zəlzələ bölgəsi sakinlərinə təhvil verəcəklərini vəd etdi. Bunun müqabilində K.Kılıçdaroğlu bina və mənzilləri daimi yaşayış yeri kimi hazırlayacaqlarını, əşyalarını içəriyə qoyub qanuni sahiblərinə təhvil verəcəklərini və 0,01 TL almayacaqlarını vəd etsə də, zəlzələdən zərərçəkənlər buna inanmadı. Ən əsası odur ki, Türkiyənin üzləşdiyi mövcud problemlərin varlığı Erdoğan tərəfindən seçicilərə izah edildi və seçicilər bu problemin varlığını qəbul etdi. Söhbət PKK, PYD və FETÖ terror təşkilatının varlığından gedir. Yəni, seçicilər Suriyanın quzeyində olanları təhlükə kimi qəbul etdi HDP-nin K.Kılıçdaroğlunu dəstəkləməsinə sərt reaksiya verdilər”.

H.Öztürk deyib ki, K.Kılıçdaroğlunun suriyalı qaçqınlarla bağlı rəqəmlərdə yanlışlığa yol verməsi də seçicilər tərəfindən mənfi qarşılandı: “Sayın Kılıçdaroğlunun rəsmi rəqəmlərə görə 3 milyon 385 min olan suriyalı qaçqınların sayını 10 milyona, yaxud da bəzən hətta 13 milyona çıxacağına dair şişirdilmiş rəqüəmlər söyləməsini seçicilər mənfi qarşıladılar. Ən nəhayət, bu seçkilərdə Türkiyənin sabitliyinə səs verildi. Həmçinin, yüksələn milliyyətçilik də öz sözünü dedi və R.T.Erdoğan əksər millətçilərin də səsini qazandı”.

Mission News Theme by Compete Themes.