Xəyalə Məmmədli – Özəl olaraq BAYRAQDAR MEDİA üçün
BAYRAQDAR MEDİA – Naxçıvana getmək həmişə mənim üçün maraqlı idi. Amma indiyədək müxtəlif səbəblərdən qismət olmurdu. Sonunda belə bir fürsət çalışdığım müəssisə tərəfindən payıma düşdü. Naxçıvanda konfransa dəvət aldıq və böyük həvəslə bu şəhərə yollandıq.
Bildirim ki, 2023-cü il may ayının 26-27-si tarixlərində Naxçıvanda I Beynəlxalq İpək yolu konfransı keçirildi. Türkiyə və Azərbaycanın müxtəlif universitet və təşkilatlarından, 15 ölkədən 300-dən çox məruzəçinin qatıldığı konfrans Türkiyənin Kars Kafkas Universiteti və İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnsitutunun (İKSAD) birgə təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetində oldu.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) Azərbaycanşünaslıq və Milli Rəqəmsal Yaddaş şöbəsinin əməkdaşları Sura Məmmədova, Aytən Xudiyeva və Aynur Yusifzadə, Elektron resurslar şöbəsinin əməkdaşı mən Xəyalə Məmmədli də konfransa həmmüəllif olduğumuz məqalələr ilə qatılaraq çıxış etdik. Yüksək səviyyədə təşkil olunmuş konfransda məruzələrimiz dinlənildi, Universitetin rektoru Elbrus İsayev tərəfindən yüksək dəyərləndirildi və bizə sertifikatlar təqdim edildi.
Təbii ki, Naxçıvana gəlib, təbiəti və qədim tarixi keçmişi ilə zəngin olan bu diyarın tarixi yerlərini və təbiətinin zənginliklərini görmədən geri dönmək olmazdı. İlk olaraq Naxçıvan şəhərində yerləşən UNESCO-nun Ümumdünya İrsi siyahısına salınmış Əcəmi Naxçıvaninin şah əsəri Möminə Xatun türbəsi və UNESCO-nun Ehtiyat siyahısına salınmış Yusif İbn Küseyr türbələrini ziyarət etdik. Vurğulayım ki, adları çəkilən türbələr Naxçıvan-Marağa memarlıq məktəbinin ən dəyərli abidələrindəndir.
Sonra Şərq memarlıq üslubunda tikilmiş, Naxçıvan xanı Rəhim xanın yaşayış evi olmuş Naxçıvan Xan sarayını ziyarət etdik. Qeyd edim ki, saray Naxçıvan memarlıq məktəbinin XVIII əsrə aid ən gözəl nümunəsidir.
Naxçıvan şəhərinin Narınqala hissəsi kimi də tanınan, erkən orta əsrlərə – VII əsrə aid “Naxçıvanqala” Tarix-Memarlıq muzey kompleksi, “Əcəmi” seyrəngahında yerləşən Naxçıvan ərazisindən tapılmış müxtəlif dövrlərə aid qoç heykəllər, daş kitabələr, müxtəlif daş fiqurlardan və qəbirüstü sanduqələrdən ibarət 169 maddi-mədəniyyət nümunəsinin mühafizə olunub nümayiş etdirildiyi Naxçıvan Açıq Səma Altında Muzeyi də ziyarət etdiyimiz yerlər sırasında idi. Deyilənlərə görə, qala sonuncu Sasani hökmdarı III Yezdəgird tərəfindən tikilib.
Sonra yolumuzu Naxçıvanın müalicəvi Duz dağından saldıq. Buranın qədimliyi və sehri bizim diqqətimizi daha çox cəlb etdi.
Tarixçi kimliyimdən irəli gələrək Culfa rayonu, Xanəgah kəndi, Əlincə çayın sağ sahilində yerləşən, I-VI əsrlərə aid dünya əhəmiyyətli, Naxçıvan-Marağa memarlıq məktəbinin ən dəyərli abidəsi Teymuri hökmdarı Əmir Teymurun 14 il mühasirədə saxladığı Əlincə qalasını görüb, qalaya qalxmaq prioritetlərimdən idi və bunu gerçəkləşdirdim. Dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerləşən qalaya qalxmaq çətin olsa da mümkünsüz deyildi. Qeyd edim ki, II Qarabağ müharibəsində canından keçmiş şəhidlərimizin əziz xatirəsinə ithafən Əlincə dağının ən uca zirvəsinə “Şəhidlər Zirvəsi” (05.11.2022) adı verilib. Qalaya qalxarkən divarda həkk olunmuş “Tarixi yaşadanları tarix də yaşadacaqdır!” (11.02.2014) yazısı diqqətimi çox çəkdi.
Səfərimiz zamanı Naxçıvanın simvoluna çevrilmiş “Əshabi-Kəhf” mağarasını da ziyarət etdik. Xalq arasında ziyarətgah yerinə çevrilmiş bu tarixi əraziyə azərbaycanlılarla yanaşı, digər xalqların nümayəndələri də çox tez-tez gəlirlər, xüsusilə qardaş Türkiyədən gələnlər çoxluq təşkil edir.
Bir sonrakı getdiyimiz yer Şahbuz rayonunun Batabat gölü oldu. Bura haqqında da çox eşitmişdim, gəlib öz gözümlə görmək daha xoş təsir etdi mənə.
Səfərimizin sonuncu günü UNESCO-nun Ehtiyat İrsi siyahısına daxil edilmiş zəngin təbiəti və tarixi ilə xarici və yerli turistləri özünə cəlb edən, Azərbaycanın tanınmış alim və akademiki Yusif Məmmədəliyevi yetişdirmiş qədim Ordubad torpağına da səfər etdik. Xüsusilə Unus kəndi ərazisində yerləşən Unus şəlaləsinə qalxmaq ayrıca bir zövq idi.
Yerli əhalinin dediyi kimi, Ordubada gəlib Ordubad limonu ilə çay içmədən, Ordubad dondurmasının dadına baxmadan təbii ki, oradan ayrılmaq mümkün olmazdı.
Qısacası, beləcə Naxçıvana olan ilk səfərdən xoş hisslərlə ayrıldım…