BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbir keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya iyunun 2-də MEK-dən daxil olub.
Xəbərdə deyilir ki, “tədbirdə MEK-in baş direktoru, Prof. Məmməd Əliyev çıxış edərək, uşaqları bayram münasibətilə təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb. Baş direktor bildirib ki, Azərbaycan uşaq və yeniyetmələrə, gənclərə göstərilən diqqət və qayğı, onlara yaradılan hərtərəfli şərait dövlət siyasətinin prioritet istiqamətlərindəndir. O, Azərbaycanın Birinci vitse-prezidenti, ISESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Mehriban xanım Əliyevanın bu sahədə olan uğurlu fəaliyyətindən, Azərbaycanda sosial bəlaya çevrilən talassemiyaya qarşı effektiv mübarizənin Birinci Xanımın şəxsi nəzarəti altında olmasından danışıb. Professor həmçinin Fondun vitse-prezidenti Leyla Əliyevanın Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum və aztəminatlı ailələrdən olan uşaqlara qayğı və diqqəti ilə seçildiyini, fondun həyata keçirdiyi xeyriyyəçilik tədbirlərinin əsl şəfqət və mərhəmət, xeyirxahlıq nümunəsinə çevrildiyini deyib”.
Tədbir zamanı MEK əməkdaşlarının kiçik yaşlı övladlarının əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib.