BAYRAQDAR MEDİA – İyunun 8-də YARAT Müasir İncəsənət Mərkəzində Aida Mahmudovanın “Cənnət gözləyə bilər” fərdi sərgisi və “Yeddinci tənhalıq” qrup sərgisinin açılışı olacaq.
Bu haqda YARAT-ın yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, “A.Mahmudovanın “Cənnət gözləyə bilər” fərdi sərgisinin mərkəzində yaratdığı mənzərə reallığı ilk baxışda fərdi və anlaşılması çətin görünsə də “mən”in patologiyasını tənqid edir. Bir tərəfdən həyat bütün anatomik reallığı ilə insanın qarşısında dayanır, bəzi hallarda isə həyat adi mənzərədən daha çox məna kəsb edir. “Yeddinci tənhalıq” qrup sərgisi isə alman filosofu F.Nitşenin fəlsəfi əsərlərində irəli sürdüyü “yeddinci tənhalıq” sirli anlayışına əsaslanaraq, sosial kontekstdə müasir uzaqlaşma/yadlaşma, varlıq və əbədi qayıdış kimi fundamental dəyərləri əlaqələndirməyə çalışır. Sərgidə Hüseyn Haqverdiyev, Tərlan Qorçu, Orxan Hüseynov, Ramal Kazım, Novruz Məmmədov, Fərəc Rəhmanov, Eltac Zeynalov, İsmayıl Səfərəli və Nadir Eminovun YARAT-ın sifarişi ilə hazırlanan, həmçinin son illərdə yaradılmış əsərləri nümayiş olunacaq”.
Qeyd edək ki, saat 19:00-da açılışı olacaq sərginin kuratoru Fərəh Ələkbərlidir.