Son yeniləmə: 2 İyun 2023 17:34
BAYARQDAR MEDİA – Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Aşqabad ofisinin yeni binasının açılış mərasimi keçirilib.
Atavatan-Türkmenistan xəbər verir ki, mərasimdə ATƏT-in baş katibi Helqa Şmid, Türkmənistanın xarici işlər naziri vəzifəsini icra edən Vepa Hacıyev, Aşqabad şəhərinin meri Rəhim Qandımov, diplomatlar, KİV nümayəndələri və bir çox digər şəxslər iştirak ediblər.
Açılış mərasimində çıxış edən H.Şmid Türkmənistana böyük qürur hissi ilə səfər etdiyini bildirib. O qeyd edib ki, səfəri zamanı Türkmənistan Prezidenti, türkmən xalqının milli lideri, digər rəsmilərlə çox səmərəli görüşlər keçirib.
Baş katib ötən ilin Türkmənistanla ATƏT arasında əlaqələrin qurulmasının 30-cu ildönümü olduğunu qeyd edərək, bu müddət ərzində yüzlərlə layihənin həyata keçirildiyini bildirib. H.Şmid deyib ki, yeni mərkəz Türkmənistanla hazırda rəhbərlik etdiyi qurum arasında əməkdaşlığın daha da inkişafına töhfə verəcək.
Öz növbəsində Türkmənistanın xarici işlər naziri vəzifəsini icra edən Vepa Hacıyev yeni mərkəzin işində uğurlar arzulayıb. O, həmçinin qeyd edib ki, Türkmənistanla ATƏT arasında siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələr uğurla inkişaf edir.