BAYRAQDAR MEDİA – Azərbaycanın Səhiyyə Nazirliyində Ümumdünya Hemofiliya Federasiyasının (WFH) prezidenti Sezar Qarrido ilə görüş keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya iyunun 1-də sözügedən Nazirlikdən daxil olub.
Xəbərdə deyilir ki, “öz çıxışında səhiyyə naziri Teymur Musayev vurğulayıb ki, hemofiliyalı xəstələrin müalicəsi ilə bağlı Azərbaycanda bir sıra mühüm tədbirlər görülməkdədir. O, Prezident İlham Əliyev tərəfindən hemofiliya və talassemiya irsi qan xəstəliyinə düçar olmuş şəxslərə dövlət qayğısının göstərilməsi ilə bağlı bir sıra tapşırıqlar verildiyini söyləyib. T.Musayev 2005-ci ildə bu sahədə Dövlət Proqramının qəbul olunduğunu, 2006-cı ildən isə qan laxtalandırıcı faktor preparatların Azərbaycana gətirilib, pasiyentlərə dövlət hesabına təqdim edildiyini diqqətə çatdırıb”.
Daha sonra xəbərdə qeyd olunur ki, “səmimi qarşılanmaya görə minnətdarlığını bildirən WFH-nin prezidenti Azərbaycanda hemofiliyalı xəstələrin müalicəsi ilə bağlı görülən işləri yüksək qiymətləndirib. S.Qarrido WFH tərəfindən Səhiyyə Nazirliyi və Aəzrbaycanın digər səhiyyə qurumları ilə birgə Bakıda qanın laxtalanma pozğunluğundan əziyyət çəkən insanların maraqlarını qorumaq məqsədilə keçirilən konfransın vacibliyini qeyd edib”.
Görüşdə Ümumdünya Hemofiliya Federasiyasının Azərbaycan Səhiyyə Nazirliyi ilə birgə layihələrinin reallaşdırılması barədə faydalı müzakirələr aparılıb.