Press "Enter" to skip to content

Magistral kanal təmizlənir

Magistral su kanalı

Son yeniləmə: 1 İyun 2023 11:29

BAYRAQDAR MEDİA – Abşeron Suvarma Sistemləri İdarəsi tərəfindən rayon ərazisində meliorativ tədbirlər davam edir. İdarə yaz-yay suvarma mövsümü çərçivəsində Abşeron magistral kanalında genişmiqyaslı lildən və tullantılardan təmizləmə işlərini artıq yekunlaşdırıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya iyunun 1-də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib.

O, qeyd edib ki, magistral kanal üzərində mövcud olan 40 ədəd nasos stansiyaların hər birinə baxış keçirilib və təmir işləri aparılıb: “Hazırda nasos stansiyalar sayəsində bütün böyük təsərrüfatlar suvarılır. Suvarılan sahələr zeytun bağları, badam bağları, buğda və arpa sahələridir. İdarə 70 km magistral, 33 km qol kanalları ilə birlikdə ümumi uzunluğu 100 kilometrdən artıq olan Abşeron magistral kanalına xidmət edir ki, hazırda bu kanal bir-neçə istiqamətdə maşın mexanizmlər tərəfindən təmizlənir. İşlər dörd istiqamətdə davam edir. Mütəmadi görülən işlərə baxmayaraq kanalın bəzi hissələrində, əsasən də yaşayış məntəqələrindən keçən ərazilərində tez-tez çirklənmə halları baş verir. Hələ də məişət tullantıları kanala atılır. Buna baxmayaraq görülən təxirəsalınmaz işlər nəticəsində kanalda suyun normal axını təmin edilir”.

Qeyd edilib ki, Abşeron Suvarma Sistemləri İdarəsi 17 min hektardan artıq suvarılan torpaq sahəsinə xidmət edir: “Həmin sahələrdə əkilən müxtəlif növ kənd təsərrüfatı bitkilərinin normalara uyğun olaraq suvarılması idarə tərəfindən mütəmadi olaraq təmin edilir”.

Mission News Theme by Compete Themes.