Son yeniləmə: 1 İyun 2023 11:36
BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin rəsmi saytında aktiv məşğulluq proqramlarından biri olan haqqı ödənilən ictimai işlər üzrə növbəlilik mexanizmini əks etdirən reyestr yaradılıb.
Bu barədə BAYARQDAR MEDİA-ya iyunun 1-də Agentlikdən məlumat verilib.
Bildirilib ki, məqsəd işaxtaran və işsiz şəxslərin haqqı ödənilən ictimai işlərə cəlb olunması zamanı yarana biləcək neqativ halların qarşısının alınması, bu sahədə şəffaflığın, vətəndaş məmnunluğununtəmin olunmasıdır: “Reyestr həmçinin ictimai işlər proqramının icrasında ictimai açıqlıq və ictimai nəzarətə şərait yaradır, ədalətlilik prinsipinin qorunub saxlanılmasına xidmət edir. İctimai işlərə müraciət edən hər bir vətəndaş qeyd olunan saytda “Reyestrlər” bölməsinə daxil olmaqla real vaxt rejimində öz növbəsini izləyə, müxtəlif müəssisələr üzrə növbəlilik siyahısı, işlə təmin olunan şəxslər və digər məlumatlarla tanış ola bilər”.
Qeyd olunub ki, haqqı ödənilən ictimai işlər proqramının hər bir mərhələsi növbəli qaydada həyata keçirilir: “Növbəlilik isə şəxslərin müraciət etmə tarixi, ünvanlı dövlət sosial yardımı alması, əlilliyi olması, himayəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq olması, bir ildən artıq işsiz kimi qeydiyyatda olması, pensiya yaşına iki ildən az qalmış şəxs olması, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxs olması və şəhid ailəsinin üzvü olması nəzərə alınmaqla təyin edilir.
Vətəndaşa hər bir meyara uyğun müvafiq bal verilməklə növbə sırası müəyyən edilir”.