Son yeniləmə: 1 İyun 2023 13:17
Dr. Yücel Karauz: Recep Tayyip Erdoğanın yenidən Cümhurbaşqanı seçilməsi müdafiə sənayesi sahəsində atılan addımların da davam etməsi deməkdir
BAYARQDAR MEDİA – “Güclü dövlət demək, güclü silahlı qüvvələr deməkdir. Güclü silahlı qüvvələrə malik olmağın yolu isə güclü müdafiə sənayesinin formalaşdırılmasından keçir”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib.
Onun sözlərinə görə, müdafiə sənayesinin ordunun hərbi qabiliyyətini dəstəkləyə bilməsi, dünyada rəqabət edə bilən halda olması, millilik və yerlilik faizinin artması, xaricdən asılılığın azaldılması mühüm önəm kəsb edir: “Sayın Cümhurbaşqanı Recep Tayyip Erdoğanın 21 illik iqtidarı boyunca güclü ordunun yaradılması üçün müdafiə sənayesinə xüsusi bir önəm verilmişdir. Türkiyənin müdafiə sənayesi 21 il ərzində bəzi sahələrdə, suda, havada və quruda silahlı qüvvələrin gücünə güc qatan yerli istehsalla dünyada ilk üç sırada dayanmışdır. Bu illər ərzində “Bayraktar”, “Akınçı”, “Kızılelma” və s. bu kimi yerli və milli istehsalla önə çıxan Türkiyənin müdafiə sənayesi mühüm uğurlar əldə edib”.
Dr. Y.Karauz bildirib ki, Türkiyə müdafiə sənayesinin əldə etdiyi uğur, hazırki mövqeyi məhz milli və yerli silah-sursatların, hərbi texnikanın istehsalı hesabına olub: “Onu da deyim ki, bu təkcə Türkiyə üçün deyil, türk dünyası, xüsusilə də Azərbaycan üçün də mühüm önəm kəsb edir. Gələcəkdə də Türkiyə müdafiə sənayesinin bu uğurundan türk dünyasına daha böyük pay düşəcək. Bu, eyni zamanda inteqrasiyası daha da dərinləşən Türk Dövlətləri Təşkilatının müdafiə qabiliyyətinin artmasına kömək olacaq. Dolayısı ilə sayın Recep Tayyip Erdoğanın yenidən Cümhurbaşqanı seçilməsi bu sahədə də atılan addımların davam etməsi deməkdir. Yəni mayın 28-də Türkiyə seçicilərinin etdikləri tarixi seçimi türk dünyasının təhlükəsizliyinin təmin edilməsi, müdafiə qabiliyyətinin gücləndirilməsi baxımından da önəm kəsb edir”.
Müsahibimiz əlavə edib ki, sayın Cümhurbaşqanı Recep Tayyip Erdoğanın qalib gəlməsi Türkiyə-Azərbaycan əlaqələrini gələcəkdə də inkişaf edəcəyi deməkdir: “Bu, müasir dövrdə Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə qalxan Türkiyə-Azərbaycan əməkdaşlığının daha da dərinləşəcəyi, iki ölkənin hərbi qüdrətinin daha da artması üçün birgə addımların davam etməsi deməkdir. Bu, Bakının təhlüksəziliyinin Ankaradan, Ankaranın təhlüksəizliyinin isə Bakıdan aslı olması sözünün qarantisidir. Son olaraq bir daha qeyd edim ki, Sayın Cümhurbaşqanı Recep Tayyip Erdoğanın qalib gəlməsi təkcə Türkiyənin və Azərbaycanın deyil, o cümlədən türk dünyasının gələcəyə daha inamlı addımlamasını təmin edəcək”.