Press "Enter" to skip to content

Beştərəfli Kişineu görüşü: Sülh müqaviləsi reallığa çevriləcək

Kişineu görüşü

Son yeniləmə: 1 İyun 2023 22:16

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, iyunun 1-də Kişineuda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan, Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel, Almaniya Kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə görüş keçirilib. Bu görüşün məqsədi Azərbaycanla Ermənistan arasında dayanıqlı sülh imkanlarının müzakirəsi olub.

Kişineuda Azərbaycanın da iştirakı ilə beştərəfli görüş keçirilib

Gələn xəbərlərdən və əldə olan görüntülərdən bəlli olur ki, bu beştərəfli görüş pozitiv ovqatda keçib. Bu isə ondan xəbər verir ki, sülh bağlanması istiqamətində real iş görmək üçün yeni imkanlar yaranıb.

Xəbərlərə görə, qərara alınıb ki, iyulun 21-də yenə də Ş.Mişelin vasitəçiliyi ilə Brüsseldə üçtərəfli görüş keçirilsin. O vaxta qədər isə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda növbəti görüşü keçiriləcək. Bu görüşün əsas mövzusu sülh müqaviləsinin layihəsi olacaq.

Yeri gəlmişkən, o da vurğulanır ki, Azərbaycan və Ermənistan rəhbərlərinin görüşündə Ş.Mişelin iştirakı daha çox koordinasiya məqsədinə xidmət edir.

Almaniya və Fransanın iyunun 1-dəki görüşdə iştirakı isə ümumiyyətlə rəmzi xarakterlidir və hər hansı həlledici yönü yoxdur. Yəni əsas müzakirələr Ş.Mişelin vasitəçiliyi ilə İ.Əliyev və N.Paşinyan arasında aparılır, son qərarı da məhz onlar verəcək.

Qeyd edək ki, bugünkü beştərəfli görüşdə də sülh razılaşması istiqamətində danışıqların sürətləndirilməsi, real nəticələrin əldə edilməsinin vacibliyi diqqət mərkəzində olub.

Ümumiyyətlə isə belə qənaətə gələ bilərik ki, Azərbaycan Prezidenti, qarşısında AB, Almaniya və Fransa, həmçinin qarşı tərəf olaraq Ermənistan rəhbərlərinin olduğu masada tək başına yenə də öz iradəsini nümayiş etdirib. Bu iradə isə hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Qarabağ torpaqlarında Azərbaycanın suverenliyinin tam və qeyd-şərtsiz təmin olunmasına yönəlikdir.

Kişineu görüşünün ardından bir daha əmin ola bilərik ki, Azərbaycan öz haqlı mövqeyindən əsla və əsla vaz keçmir, əksinə, mərhələ-mərhələ həm Ermənistana, həm də onu dəstəkləyən beynəlxalq güclərə bunu izah etməyi bacarır. Bu isə indiki şəraitdə məhz Azərbaycanın haqlı mövqeyini əks etdirəcək sülh müqaviləsinin çox da uzaqda olmadığını deməyə əsas verir.

Mission News Theme by Compete Themes.