Son yeniləmə: 31 May 2023 15:01
BAYRAQDAR MEDİA – Türkmənistanda ənənəvi olaraq keçirilən Xalça Bayramı çərçivəsində yarmarka təşkil edilib. Yarmarka Türkmən Milli Xalça Muzeyində keçirilib.
Atavatan Türkmenistan xəbər verir ki, yarmarkada ipək və yun xalçalar, xalçaçılıqda istifadə olunan avadanlıqlar, xalça aksesuarları, xalça iplikləri və hədiyyəlik məmulatlar nümayiş etdirilib.
Yarmarkada Türkmənistan parlamentinin sədri Dünyagözəl Gülmanova, nazirliklər və onların tabeliyindəki qurumlar, ölkədəki diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların nümayəndələri, mətbuat mənsubları və çoxlu sayda tələbə iştirak edib.
Bayram tədbirinin əvvəlində parlamentin sədri Türkmənistan Prezidentinin təbrik məktubunu oxuyub.
Türkmən xalça sənətini dünyaya tanıtmaq məqsədi daşıyan yarmarka çərçivəsində ölkənin hər yerində xalça sərgiləri, xalçaçılıq müsabiqələri və kütləvi konsertlər keçirilib.
Məlumatda o da bildirilir ki, ölkədə Xalça Bayramı 1992-ci ildən etibarən hər il mayın son bazar günü qeyd edilir. Türkmən xalçası 2019-cu ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib.