BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyində İsrailin tibb məhsullarının istehsalı üzrə aparıcı şirkətlərindən olan “BioPharmax”ın rəhbər heyəti ilə görüş keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya mayın 30-da sözügedən Nazirlikdən daxil olub.
Xəbərdə deyilir ki, “qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev səhiyyə və tibb elmi sahəsində Azərbaycan-İsrail əməkdaşlığının səmərəli olduğunu vurğulayıb. Nazir qeyd edib ki, iki ölkə virusologiya, mikrobiologiya və səhiyyənin digər yüksək texnologiyalı sahələrində uğurla əməkdaşlıq edir. T.Musayev əməkdaşlığın bundan sonra daha da inkişaf edəcəyinə əminliyini bildirib”.
Daha sonra xəbərdə qeyd olunur ki, “səmimi qarşılanmaya görə minnətdarlığını bildirən “BioPharmax” şirkətinin vitse-prezidenti Yossi Tzabari təmsil etdiyi şirkətin səhiyyənin rəqəmsal transformasiyası və digər sahələrdə Azərbaycan Səhiyyə Nazirliyi ilə əməkdaşlıqda maraqlı olduğunu deyib”.
Görüş zamanı ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Həmçinin, “BioPharmax” şirkətinin istehsal etdiyi yüksək texnoloji avadanlıqlarının Azərbaycan səhiyyəsində tətbiqi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.