Son yeniləmə: 31 May 2023 13:59
BAYRAQDAR MEDİA – Sabunçu və Binəqədi rayonlarının ümumi təhsil müəssisələri üzrə “Kiçik Akademiya”ların hesabat konfransları keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya mayın 31-də Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, Bakıdakı 307 nömrəli tam orta məktəb və 83 nömrəli məktəb-liseyin təşkilatçılığı ilə keçirilən konfranslarda BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov, məktəb direktorları, “Kiçik Akademiya” rəhbərləri, müəllim və şagirdlər iştirak ediblər: “Konfranslar Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. BŞTİ-nin müdir müavini H.Əsgərov “Kiçik Akademiya”ların fəaliyyətinin gücləndirilməsinin və şagirdlərdə tədqiqat işinə marağın artırılmasının qarşıya qoyulan əsas hədəflərdən olduğunu bildirib, “Kiçik Akademiya”ların işinə uğurlar arzu edib”.
Məlumata əsasən, Sabunçu və Binəqədi rayonlarının ümumi təhsil müəssisələri üzrə mərkəz “Kiçik Akademiya”nın rəhbərləri il ərzində “Kiçik Akademiya”nın gördüyü işlər, əldə edilən uğurlar və gələcək hədəflər haqqında məruzə ediblər: “Konfranslarda şagirdlər humanitar, texniki, təbiət, fəlsəfə və digər məzmunlu elmi-tədqiqat işlərini təqdim ediblər. Sonda fərqlənən məktəblər Fəxri fərmanla təltif olunublar”.