Press "Enter" to skip to content

Bruney universitetləri ilə əməkdaşlıq əlaqələri yaradılır

Səfərdən görüntü

BAYRAQDAR MEDİA – Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) əməkdaşlarından ibarət nümayəndə heyəti Bruneydə işgüzar səfərdədir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya mayın 30-da sözügedən İnstitutdan daxil olub.

Xəbərdə deyilir ki, “səfər çərçivəsində Bruney Darussalam Universitetinin (UBD) rektoru, Dr. Hazri ibn Hacı Kifle və Sultan Şərif Əli adına İslam Universitetinin (UNISSA) prorektoru, Dos. Siti Sara bint Hacı Ahmad ilə görüşlər keçirilib. Görüşlərdə DQİDK-nin sədr müavini Gündüz İsmayılov dövlət-din münasibətləri, mövcud dini durum haqqında məlumat verib, həmçinin ölkəmizdə islamafobiya ilə mübarizə aparıldığını, hər il bu istiqamətdə beynəlxalq tədbirlərin keçirildiyini qeyd edib”.

Daha sonra xəbərdə bildirilir ki, “Aİİ rektoru, Dos. Aqil Şirinov ali təhsil müəssisəsinin yaranma səbəbi, fəaliyyəti, gələcək planları barədə geniş məlumat verib. Görüşlərdə ali təhsil müəssisələri arasında əlaqələrin gücləndirilməsi, ikitərəfli əməkdaşlıq çərçivəsində birgə layihələrin həyata keçirilməsi, elm və təhsil sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, müəllim və tələbə mübadiləsi proqramlarının reallaşdırılması barədə müzakirələr aparılıb”.

Qeyd edək ki, Azərbaycanın Malayziyadakı Səfirliyinin və “İdrak” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən işgüzar səfərdə DQİDK-nin sədr müavini Gündüz İsmayılov, Aİİ rektoru, dosent Aqil Şirinov, ali təhsil müəssisəsinin rektor köməkçisi Emin Orucov və İnstitutun xarici əlaqələr üzrə baş mütəxəssisi Şahin Ələsgərov iştirak edirlər.

Mission News Theme by Compete Themes.