Son yeniləmə: 30 May 2023 09:29
Vüqar Bayramov: Qardaş ölkə növbəti illərdə iqtisadiyyatın keyfiyyətcə daha da genişləndirilməsinə nail ola bilər
BAYRAQDAR MEDİA – “Mayın 28-də Türkiyədə keçirilən seçkinin ikinci turunda hazırkı Cümhurbaşqanı Recep Tayyip Erdoğan yenidən qalib gəldi. Recep Tayyip Erdoğan və onun komandası daha 5 il Türkiyəni idarə edəcək. Hökumətdə dəyişikliklər olacağı annonsu daha öncədən verilmişdi və bu səbəbdən də xeyili sayda kabinet üzvü artıq parlamentdə təmsil olunur. Bu isə o deməkdir ki, Türkiyədə Recep Tayyip Erdoğanın yenidən seçilməsi kontekstində ölkə növbəti 5 ilə daha fərqli proqramlarla daxil olacaq”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlmasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, son illər qardaş ölkə iqtisadiyyatında müşahidə edilən volatilliyə, məzənnə enişlərinə və inflyasiyaya rəğmən Türkiyə iqtisadiyyatı son 20 ildə real ifadədə 3 dəfə böyüyüb: “2003-cü ildə 314 milyard dollar ÜDM-ə malik olan Türkiyə iqtisadiyyatı indi 900 milyard dollardan böyükdür. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, bu il Türkiyədə ÜDM-in 1 trilyon 29 milyard dollara çatması gözlənilir. Bu isə o deməkdir ki, xarici şoklar olmazsa bu il Türkiyə trilyon dollarlıq iqtisadiyyata malik ölkələr qrupuna daxil olacaq. Bununla yanaşı, qısa müddətli dövrdə ən ciddi iqtisadi hədəf qiymətlərin optimallaşdırılması və məzənnə stabilliyinə nail olmaqdır. Pandemiya və Rusiya-Ukrayna müharibəsi səbəbindən son illər Türkiyədə yüksək inflyasiya qeydə alınmaqdadır. Ötən il 72.31 faiz inflyasiya qeydə alınan qardaş ölkədə bu ilin aprel ayında qiymətlər 43.68% artıb. İnflyasiya səviyyəsinin müqayisəli azalmasına baxmayaraq hələ də qiymətlərin optimallaşdırılması əsas prioritetlərdən olaraq qalmaqdadır”.
V.Bayramov deyib ki, Türkiyə 20 il öncə daha çox aqrar və xidmət sektorları üzrə ixtisaslaşmışdırsa indi ölkə müasir sənaye dövlətinə çevrilməkdədir: “Türkiyə hazırda hərbi, avtomobil sənayesində xüsusi üstünlüyə malik olan ölkələrdən hesab olunur. Bu isə o deməkdir ki, qardaş ölkə növbəti illərdə iqtisadiyyatın keyfiyyətcə daha da genişləndirilməsinə nail ola bilər. Turizm gəlirləri fonunda innovativ sənaye məhsulları ixracatı ölkəyə daha çox valyutanın daxil olmasına imkan yaradacaq”.
O da qeyd olunub ki, Türkiyə Azərbaycanın haqq işinə hər zaman dəstək verən ölkələrdəndir: “İstər Vətən müharibəsində, istərsə də Qarabağ və Şərqi Zəngəzurda quruculuq prosesində Türkiyənin dəstəyi hər zaman hiss edilib. İşğaldan azad olunan ərazilərimizdəki hər iki beynəlxalq hava limanlarının açılışında, Zəngəzur dəhlizinin Azərbaycan hissəsinin təməlqoyma mərasimində Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı və eləcə müttəfiqlik bəyannaməsinin Şuşada imzalanması da bunları təsdiq edir. Bu isə o deməkdir ki, Erdoğanın yenidən seçilməsindən sonra iki ölkə arasında birgə strateji əməkdaşlıq daha da dərinləşəcək. Bütövlükdə, Türkiyədə seçkinin nəticələri region üçün də əhəmiyyətli idi. Erdoğanın yenidən cümhurbaşqanı seçilməsi mövcud regional düzənin daha da möhkəmlənməsinə şərait yaradacaq”.