Son yeniləmə: 30 May 2023 10:53
Vüqar İskəndərov: Türkiyə yeni yüz ilinə tarix yazaraq, dünyaya demokratiya dərsi keçərək qədəm qoydu
BAYRAQDAR MEDİA – “Qardaş Türkiyə Cümhuriyyəti və türk xalqı daha bir sınaqdan uğurla çıxdı. Türkiyə yeni yüz ilinə tarix yazaraq, hətta mən deyərdim ki, dünyaya demokratiya dərsi keçərək qədəm qoydu”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
O, qeyd edib ki, aparıcı Qərb ölkələrində seçkilərdə seçici böhranı yaşandığı halda, Türkiyədə istər mayın 14-dəki birinci, istərsə də mayın 28-dəki ikinci turda yüksək seçici fəallığı nümayiş etdirildi: “Xalq axın-axın seçki məntəqələrinə gələrək öz seçimin etdi. Özü də azad, şəffaf və demokratik şəkildə. İstər Türkiyə Böyük Millət Məclisinin yeni tərkibi, istərsə də Cümhurbaşqanı tam demokratik şəkildə, xalqın iradəsi əsasında seçildi”.
V.İskəndərov əlavə edib ki, türk xalqı hər zaman olduğu kimi bu dəfə də doğru və müdrik qərar verdi: “Türk xalqı heç zaman xarici imperialist mərkəzlərin qara planlarına imkan verməyəcyini bir daha nümayiş etdirdi. Ən əsası isə türk xalqı bu seşimi ilə türk dünyasının daha da inamla addımlamasına, Türkiyə-Azərbaycan qardaşlığının daha da möhkəmlənməsinə səs vermiş oldu”.