Press "Enter" to skip to content

Güclü Türkiyə qardaşları ilə daha da güclənəcəkdir

Hulusi Kılıç

Son yeniləmə: 30 May 2023 15:24

Hulusi Kılıç: Türkiyə seçicisi bütün dünyaya “Biz sayın Cümhurbaşqanı Recep Tayyip Erdoğanın yanındayıq” mesajını verdi

BAYRAQDAR MEDİA – “Son seçkilərdə Türkiyə seçicisi üç önəmli mesaj verdi”.

Bunu qardaş ölkədə keçirilən seçkilərin nəticələrini BAYRAQDAR MEDİA üçün dəyərləndirən Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.

Onun sözlərinə görə, birinci mesaj daxilə idi: “İctimaiyyətə verilən mesaj sabitlik və mövcud siyasətin davamlılığı ilə bağlı oldu. İqtisadi sıxıntılara, dağıdıcı zəlzələyə rəğmən türk seçicisi sayın Cümhurbaşqanı Recep Tayyip Erdoğanı dəstəklədi və onun rəhbərliyi ilə həyata keçirilən siyasətin davam etdirilməsindən yana olduğunu nümayiş etdirdi”.

H.Kılıç deyib ki, ikinci mesaj türk dünyasına oldu: “Əslində, türk dünyası üçün mesajın da bir neçə istiqamətinin olduğunu söyləyə bilərik. Birincisi odur ki, türk seçicisi Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanması prosesində sayın Cümhurbaşqanımızı da görmək istəyir. İkinci mesaj, Türk Dövlətləri Təşkilatının (TDT) güclənməsi ilə bağlı oldu. Yəni türk seçməni bu qənaətdədir ki, türk dünyasının, TDT-nin güclənməsi üçün sayın R.T.Erdoğanın rəhbərlik etdiyi Türkiyə bundan sonra da önəmli rol oynamalıdır. Üçüncü mesaj da türk dövlətləri arasında əlaqələrini daha da güclənməsi ilə bağlıdır”.

Müsahibimiz qeyd edib ki, Türkiyə seçicisi üçüncü olaraq Qərbə mesaj verdi: “Türkiyə seçicisi Qərbə demokratiya mesajı verdi. Türkiyə seçicisi demokratiyaya bağlılığını nümayiş etdirdi. Rekord səviyyədə seçcici prosesdə iştirak etdi. Qərbdə, Avropada seçkilərdə heç 50 faiz seçici iştirak etmədiyi halda, Türkiyədə 90 faizə yaxın seçici seçkilərdə iştirak etdi. Əslində, Qərb heç zaman Türkiyənin güclənməsini istəməyib. Bir zamanlar Türkiyə Qərbin istəyini yerinə yetirən bir ölkə idi. Lakin sayın Cümhurbaşqanımızın liderliyindəki Türkiyə artıq müstəqil siyasət yürüdən, dimdik ayaqda duran və qlobal gücə çevrilən bir ölkə olub. ABŞ Prezidenti Co Bayden açıq şəkildə “Erdoğanı çevrilişlə deyil, seçkilərlə devirəcəyik” deyə bəyan etmişdi. Amma Türkiyə seçicisi Qərbin bu oynunu da, planını da pozdu. Türkiyə seçicisi bütün dünyaya “Biz sayın Cümhurbaşqanı Recep Tayyip Erdoğanın yanındayıq” mesajını verdi. İnşallah daha güclü Türkiyə qardaşları ilə daha da güclənəcəkdir. Türk Dövlətləri Təşkilatı Avropa Birliyi kimi daha da güclənəcəkdir” .

Mission News Theme by Compete Themes.