BAYRAQDAR MEDİA – Qardaş Türkiyə ikinci tura qalmış prezident seçkisini mayın 28-də – Azərbaycanın Müstəqillik Günündə uğurla başa vurdu. Bu gün artıq bundan sonra həm də qardaş ölkə üçün əlamətdarlıq statusu qazandı.
Gözlənildiyi və bizim də proqnozlaşdırdığımız kimi, fəaliyyətdə olan Cümhurbaşqanı Recep Tayyip Erdoğan mütləq üstünlüklə qalib gəldi. Hazırda əldə olan rəsmi və təsdiqlənmiş açıqlamalara görə, o, seçkidə iştirak edənlərin 52 faizinin səsini alıb.
Rəqib – CHP genel başqanı Kemal Kılıçdaroğlu da, yenə də proznozlaşdırdığımız kimi, 47 faiz səs alaraq bu yarışmanı məğlub tərk etdi. Həm də bu adam artıq siyasi karyerasını sona çatdırmış oldu. Yaxın günlərdə partiyasının onunla yollarını ayırmasından başqa yolu yoxdur.
Biz bu sonuclardan çox razıyıq. Arzu edirdik, gözləyirdik və heç ümidimizi itirmirdik ki Recep Tayyip Erdoğan yenidən xalqın etimadını qazanacaq. Ümidlərimiz doğruldu, rahatladıq və irəli baxırıq.
R.T.Erdoğanın qələbəsi həm də Azərbaycanın qələbəsidir. Özəlliklə də onunla qardaşlıq münasibətlərində olan Azərbaycan Prezidenti İlham Əliyev də bu qələbəyə, heç şübhəsiz bizim hər birimiz kimi sevinir, buna əmin idi.
Yeri gəlmişkən, seçkilərin ilk turunda – mayın 14-də İlham Əliyev R.T.Erdoğana zəng edərək onun partiyasının qələbəsini və seçkidə ilk yeri tutmasını təbrik də etmişdi. Yəni İ.Əliyevdə elə o gün də əminlik vardı ki, R.T.Erdoğan öz qələbəsini təmin edəcək.
Bəlli, Türkiyə qazandı, Azərbaycan qazandı, türk dünyası qazandı! Bu, bizim ortaq qələbəmiz, ortaq sevincimizdir!
Bəs kim itirdi, kim uduzdu? Əlbəttə ki, Türkiyəni Kemal Kılıçdaroğlunun vasitəsilə yenidən asılı dövlətə çevirmək istəyən dış güclər – imperialistlər! Bəli, onlar bütün dünyada səfərbər edilsələr də bir tək liderin – R.T.Erdoğanın qarşısında mütləq yenilgiyə uğradılar!
Qardaş Azərbaycanın da mümkün mərtəbədə dəstəyi ilə qardaş Türkiyə ona qurulan tələlərdən bu dəfə də bacarıqla yayınaraq öz taleyini özü həll etdi!
Türkiyə xalqının müdrikliyi qardaş ölkənin Suriyaya, İraqa çevrilməsinin qarşısını aldı! Alaraq da dağıdıcı güclərə – istər iç, istər dış – göstərdi ki, bu xalqla zarafat etmək olmaz!
Türkiyənin bu seçki uğuru bu ölkənin özü ilə yanaşı Azərbaycanın da, digər türk dövlətlərinin də sabahının təminatı oldu!
Türk yüz ili uğurla başladı, uğurla davam edəcəyinə heç bir şübhə yoxdur! İndi biz Türkiyə və Azərbaycanın çiyin-çiyinə irəli aparacağı ən ülvi arzularımızın gerçəkləşməsini müşahidə edəcəyik!
Hə, bu arada Azərbaycandakı Soros uzantılarına da keçmiş olsun. Özlərini dağıdırdılar ki, türk xalqı mütləq R.T.Erdoğanı göndərəcək. Bizsə deyirdik ki, əksinə, xalq ondan daha bərk yapışacaq və yapışmalıdır. Çünki qardaş ölkəni irəli aparacaq şəxs ömrünün bu ahıl çağına qədər heç bir uğuru ilə fərqlənməyən Kemal Kılıçdaroğlu deyil, Türkiyəni dünya gücünə çevirmiş R.T.Erdoğandır!
Xeyirli-uğurlu olsun deyirik. Sevinirik. Türkiyə üçün, türk dünyası üçün sevinirik bu sonuclara görə.