Son yeniləmə: 28 May 2023 15:41
Elgün Məmmədov: Bu isə Türkiyə vətəndaşlarının öz gələcəklərinə heç də biganə yanaşmadıqlarını təsdiqləyir
BAYRAQDAR MEDİA – “Türkiyənin hər yerində olduğu kimi Giresunda da sadə vətəndaşlar cümhurbaşqanı seçkisinin ikinci turunda yüksək fəallıq nümayiş etdirirlər. Hər halda apardığımız ilkin müşahidələr belə deməyə əsas verir.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Giresun Azərbaycanlılar Dərnəyinin sədri Elgün Məmmədov deyib.
Xatırladaq ki, mayın 28-də Türkiyədə Cümhurbaşqanı seçkisinin ikinci turu keçirilir.
E.Məmmədov qeyd edib ki, özü 19 Eylul ilkokulunda olan seçki məntəqəsində səs verib: “Onu xüsusi olaraq qeyd edim ki, bu dəfə hətta birinci turdakından da çox seçici səsvermədə iştirak edir. Adətən Türkiyə seçkilərində bu vaxta kimi biz onu müşahidə edərdik ki, seçicilər daha çox saat 14-15 radələrində məntəqələrə üz tuturlar. Bu dəfə isə mayın 14-də olduğu kimi, səhər erkəndən seçki məntəqələrinin önündə seçicilər növbəyə dayanıblar. Bu isə Türkiyə vətəndaşlarının öz gələcəklərinə heç də biganə yanaşmadıqlarını təsdiqləyir. Qeyd edim ki, təsadüfən ayaqüstü söhbət etdiyimiz insanlar bu seçkidə məhz ölkənin gələcəyinin də əmin əllərdə olması üçün iştirak etdiklərini deyirdilər”.