Son yeniləmə: 26 May 2023 10:58
BAYRAQDAR MEDİA – Mayın 27-də Xətai Rayon İcra Hakimiyyətinin qarşısında “Heydər Əliyev İli”nə həsr olunmuş uşaq, yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq və bədii zövqün inkişaf etdirilməsinə xidmət məqsədi ilə VI “Azərbaycanım” Respublika uşaq rəsm festivalı keçiriləcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya mayın 26-da Xətai Sənət Mərkəzindən daxil olub.
Xəbərdə deyilir ki, “Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası və XSM-nin təşkilatçılığı ilə VI “Azərbaycanım” respublika uşaq rəsm festivalı çərçivəsində mövzusu “Güllər” olan uşaq yaradıcılıq müsabiqəsi elan olunub. Müsabiqəyə şəhər və bölgələrdən 500-dən çox məktəb və ya yaradıcılıq müəssəsindən 2 min 500-ə qədər uşaq, yeniyetmə və gənc 3 mindən çox əsər göndərib və sərgilənmək üçün 800-dən çox əsər seçilib növbəli olaraq XSM-nin sərgi zalında nümayiş olunub. Sərgilənən əsərlərin arasından seçilmiş hər yaş kateqoriyasından 10 uşaq olmaqla, ümumilikdə 30 uşaq festivala dəvət olunub”.
Qeyd edək ki, festival saat 10:00-da açılacaq və saat 18:00-dək davam edəcək.