Son yeniləmə: 25 May 2023 12:46
BAYRAQDAR MEDİA – Baş nazir Əli Əsədov cari ilin iyun ayında iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə bağlı Qərar imzalayıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya mayın 25-də Nazirlər Kabinetindən daxil olub.
Xəbərdə deyilir ki, “iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü ilin 27 və 30 iyun iş günləri ilə müvafiq olaraq 24 və 25 iyun istirahət günlərinin yerləri dəyişdirilsin”.
Qeyd edək ki, 2023-cü ilin Qurban bayramı günləri 28-29 iyun tarixlərinə düşür. 24 və 25 iyun günləri müvafiq olaraq Şənbə və Bazar günləridir. O baxımdan 27 iyun iş günü 24 iyuna, 30 iyun iş günü isə 25 iyuna keçirilir. 26 iyun da Silahlı Qüvvələr Günü olduğu üçün bayramdır. Beləliklə də bayram tətilinin 2 deyil, tam 7 gün davam etməsi təmin olunacaq. Çünki yeri dəyişdirilmiş 30 iyun iş gününün ardından yenə də Şənbə və Bazar günləri gəlir.