Son yeniləmə: 30 May 2023 14:28
BAYRAQDAR MEDİA – Mayın 24-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) “Heydər Əliyev İli” çərçivəsində musiqişünas Səadət Təhmirazqızının müəllifi olduğu “Heydər Əliyev və musiqi mədəniyyəti” kitabının təqdimat mərasimi keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Bəstəkarlar İttifaqından məlumat verilib.
Bildirilib ki, tədbiri giriş sözü ilə Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə açıb. O, tədbir haqqında iştirakçılara məlumat verərək, İttifaqının aktiv fəaliyyət istiqamətlərindən danışıb. F.Əlizadə öz nitqində Ulu öndər Heydər Əliyevlə bağlı gənclik illərinin parlaq xatirələrini dilə gətirib. O, da xüsusi olaraq qeyd edilib ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Bəstəkarlar İttifaqına çox böyük diqqəti və qayğısı olub.
Sonra musiqişünas, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı müəllifi olduğu kitab haqqında danışaraq Ulu öndər Heydər Əliyevin mədəniyyət sahəsinə olan diqqət və qayğısından söz açıb.
Təqdimat mərasimində, həmçinin, kulturoloq, professor Fuad Məmmədov “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda, kitabın redaktorları dosent Leyla Zöhrabova və dosent Jalə Qulamova “Yeni nəşr olunmuş “Heydər Əliyev və musiqi mədəniyyəti” kitabı haqqında”, həmçinin “Heydər Əliyev və Azərbaycan Bəstəkarlar İttifaqı” adlı məruzələrlə çıxış ediblər. Natiqlər görkəmli dövlət xadimi, müdrik siyasətçi Heydər Əliyevin universal insan, şəxsiyyət kimi elmə, mədəniyyətə, o cümlədən musiqiyə verdiyi dəyərdən, göstərdiyi diqqət və qayğıdan danışıblar.
Sonda Səadət Təhmirazqızı “Qafqaz-Media” ictimai birliyinin təsis etdiyi “Heydər zirvəsi-100″ diplom və medalı ilə təltif edilib.
Təqdimat mərasimi bədii hissə ilə davam edib. Bədii hissədə maraqlı musiqi parçaları, video və fotoslaydlar təqdim olunub. Əməkdar artist Ramil Qasımov Müslüm Maqomayevin məşhur “Azərbaycan”, Cahangir Cahangirovun “Alagöz” mahnılarını ifa edib. Eyni zamanda, Xalq artistləri Ülviyyə Hacıbəyova və Yeganə Axundovanın piano ilə ifasında Soltan Hacıbəyovun “Uvertüra”sı səsləndirilib. Həmçinin Firəngiz Əlizadənin öz sözlərinə bəstələdiyi, Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Xalq artisti Gülbacı İmanovanın bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellasının ifa etdiyi “Zəfər marşı”nın lent yazısı nümayiş olunub.