Son yeniləmə: 25 May 2023 12:17
BAYRAQDAR MEDİA – Yunanıstanda mayın 21-də keçirilən ümumi seçkilərdə Batı Trakyadakı türk namizədlərin səsləri 2019-cu ildə keçirilən ümumi seçkilərlə müqayisədə artıb.
Bu barədə Anadolu Ajansına istinadən Türkgün Gazetesi məlumat yayıb.
Bildirilib ki, Yunanıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Batı Trakyadan 4 türk namizəd Yunanıstan parlamentinə daxil olmaq hüququ qazanıb.
Məlumata əsasən, 2019-cu il ümumi seçkilərində Rodop əyalətində türk azlıq millət vəkili namizədləri cəmi 25 min 433 səs toplamışdısa, 21 may 2023-cü il seçkilərində bu rəqəm 676 artaraq 26 min 109-a yüksəlib: “İskeçe vilayətində 2019-cu il seçkilərində türk azlıq millət vəkili namizədləri 16 min 558 səs topladığı halda, son seçkidə səslərin sayı 1283 artaraq 17 min 841-ə çatıb. Radikal Sol Alyansın (SYRIZA) namizədi Özgür Ferhat 2019-cu il seçkiləri ilə müqayisədə Rodop əyalətində ən yüksək səs alıb. Əvvəlki seçkilərdə 5 min 384 səslə millət vəkili seçilə bilməyən Ferhat 2023-cü il seçkilərində 12 mindən çox səs toplayaraq parlamentə daxil olmaq hüququ qazanıb”.
Yerli mətbuatda yer alan xəbərlərdə SİRİZA Partiyasının Ferhatın aldığı səslər sayəsində yalnız Rodop vilayətində ölkə birincisi olmağı bacardığı qiymətləndirilib: “Yeni Demokratiya ölkə üzrə 59 seçki dairəsindən 58-də birinci partiya olduğu halda, SİRİZA yalnız Gülümçinənin də daxil olduğu Rodop bölgəsində seçki yarışını qabaqlayıb. Digər tərəfdən, İskeçedən millət vəkili seçilən Hüseyn Zeybek və Burhan Baranın səsləri artarkən, yalnız Batı Trakya Türk Azlığının İdarə Heyətindən qovulan PASOK Partiyasından İlhan Ahmetin aldığı səslərin sayı azalıb”.
Beləliklə, Batı Trakyadan SİRİZA-dan Özgür Ferhat və Hüseyn Zeybek, PASOK-dan isə İlhan Ahmet və Burhan Baran millət vəkili seçiliblər.