BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanası Elektron resurslar şöbəsinin baş mütəxəssisi Xəyalə Məmmədli Vikipediyada Azərbaycan-Türkiyə sərhədində Araz çayı üzərində uzunluğu 286 metr olan, “Dəmir İpək Yolu”nu reallaşdıran, Zəngəzur dəhlizinin qarşısında yaşıl işıq yandıran “Ümid” körpüsü haqqında məqalə yaradıb.
Körpü Türkiyənin Dilucu və Azərbaycanın Sədərək sərhəd keçid məntəqələrini birləşdirir. Körpünün tikintisi 1991–1992-ci illərdə aparılıb və 28 may 1992-ci ildə istifadəyə verilib.
Məqalə haqqında X.Məmmədli BAYRAQDAR MEDİA-ya məlumat verdi: “Bu məqalə Azərbaycan Vikipediyasında Heydər Əliyev irsinin təbliği istiqamətində silsilə şəkildə ərsəyə gətirdiyimiz məqalələr sırasına daxildir. Bildirim ki, 1990-cı illərin əvvəllərində Naxçıvan Muxtar Respublikasının keçirdiyi iqtisadi çətinliklərin, xüsusilə nəqliyyat blokadasının ləğvində bu körpünün müstəsna rolu olub. Hətta onu da deyim ki, körpünün açılışı zamanı 60 millət vəkili və 40-dan çox nüfuzlu KİV nümayəndələri ilə birgə Naxçıvana gələn Türkiyənin o zamankı Baş naziri Süleyman Demirel Naxçıvan Hava Limanında bütün dünyanın diqqətini Türkiyə-Azərbaycan birliyinin sarsılmazlığına yönəldib və bildirib ki, körpünün istifadəyə verilməsi ilə Naxçıvanda blokadanın ağır fəsadlarının tədricən aradan qaldırılmasına, əhalinin maddi rifah halının yaxşılaşdırılmasına, muxtar respublikanın dünyaya tanıdılmasına, Qərbə inteqrasiyasına başlanılıb”.
Qeyd edək ki, mayın 28-də sözügedən körpünün açılışının 31-ci ilidir.