Son yeniləmə: 24 May 2023 12:26
Telman Nüsrətoğlu: Sayın Erdoğan ikinci tura çox ciddi əminlik və psixoloji rahatlıq içərisində gedir
BAYRAQDAR MEDİA – “Mayın 28-də qardaş Türkiyədə cümhurbaşqanı seçkilərinin ikinci turu keçiriləcək. Qeyd edim ki, sayın Recep Tayyip Erdoğan ikinci tura çox ciddi əminlik və psixoloji rahatlıq içərisində gedir. Bu da səbəbsiz deyil”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında tarix elmləri doktoru, Türk İslam Araşdırmaları Mərkəzinin başqanı Telman Nüsrətoğlu deyib.
Onun sözlərinə görə, bu əminliyi və psixoloji üstünlüyü yaradan bir neçə səbəb var: “Əvvəla, mayın 14-də keçirilən parlament seçkilərində “Cumhur İttifakı” parlamentdə üstünlük qazanıb. Eyni zamanda, cümhurbaşqanı seçkisinin birinci turunda sayın R.T.Erdoğan müxalifətin geniş spektirli koalisiyasının namizədi Kemal Kılıçdaroğlundan 2 milyon yarım artıq səs toplayıb. Bu, həm də onu bir daha təsdiq edir ki, Türkiyə seçicisi, xalq son 20 ildə həyata keçirilən siyasəti, bu siyasətin reallaşmasına rəhbərlik edən lideri dəstəkləyir. Həm bunları, həm də ümumilikdə digər parametrləri nəzərə alsaq, deyə bilərik ki, Recep Tayyip Erdoğanın ikinci turda qalib gəlmək şansı çox-çox yüksəkdir”.
T.Nüsrətoğlu ikinci turla bağlı danışarkən, hazırda müxalifət daxilində cərəyan edən proseslərə də nəzər salmağın vacib olduğunu deyib: “Nəzərə almaq lazımdır ki, hazırda müxalifət daxilində təftiş, toparlanma cəhdləri, tənqid prosesi gedir. Təbii ki, CHP-nin və “Millet İttifakı”nın seçiciləri böyük bir ruh düşkünlüyü içərisindədirlər. Digər tərəfdən, müxalifətin namizədi K.Kılıçdaroğlu R.T.Erdoğan qarşısında seçkilərdə bir neçə dəfə məğlub olub ki, bunun da psixoloji təsiri var. Türkiyə sosiologiyasında K.Kılıçdaroğlunun qalib gəlmək imkanları çox müşkül görünür”.
Birinci turda səs faizinə görə üçüncü olan Sinan Oğanın ikinci turda R.T.Erdoğanı dəstəkləməsinə gəlincə, müsahibimiz bunları qeyd edib: “Birinci turda müxalifətin namizədlərindən biri olan S.Oğanın ikinci turda R.T.Erdoğanı dəstəkləyəcəyini elan etməsi, bu qərarın verilməsində də parlament seçkisində “Cumhur İttifakı”nın üstünlük qazanmasını, parlamentlə cümhurbaşqanının uyumlu çalışmasının Türkiyədə sabitliyə böyük töhfə verəcəyini, Erdoğanın hakimiyyəti dövründə türk dünyası ilə aparılan strateji bütünləşmə siyasətinin, terror təşkilatları ilə mübarizədə Erdoğan hökumətinin qətiyyətli mübarizəsinin mühüm rol oynadığını bəyan etməsi xüsusi olaraq vurğulanmalıdır. Yəni, bu sadalananlar S.Oğanın seçicilərinin ikinci turda məhz R.T.Erdoğana səs verəcəyini göstərir. Çünki bu seçici kütləsi dövlətçi və milliyyətçi reflekslərə sahib olan seçici kütləsidir. Bütün bu faktorlar da R.T.Erdoğanın qalib gəlmək şansını daha da artırmaqdadır. Bir sözlə, bütün bu faktorların hamısını birlikdə düşündüyümüz zaman sayın Erdoğanın ikinci turda rahat bir şəkildə qalib gələcəyini və cümhurbaşqanlığına davam edəcəyini düşünürəm”.