Son yeniləmə: 24 May 2023 15:04
Oktay Kaynarca Emin Həsənli vasitəsilə Azərbaycan xalqına mesaj göndərdi
BAYRAQDAR MEDİA – Türkiyənin tanınmış aktyoru Oktay Kaynarcanın baş rol aldığı “Ben bu cihana sığmazam” dizisinin mayın 23-dəki 32-ci bölümündə Azərbaycanın xəritəsi yanlış verilib. Bu isə Azərbaycanda haqlı narazılıq yaradıb.
Öz növbəsində hazırda Türkiyədə səfərdə olan “Qardaşlığımız Ədəbidir” QHT koalisiyasının və “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli bu yanlışlıqla bağlı aktyorun özü ilə əlaqə saxlayıb və narahatlığını ifadə edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya özəl açıqlama verən E.Həsənli deyib: “Mən bu məsələyə görə, Oktay Kaynarcaya telefon etdim. Oktay bəy bunun texniki xəta olduğunu dedi və yanlışlığa görə Azərbaycan xalqından üzr istədiyini bildirdi. Mən onun dediklərini olduğu kimi BAYRAQDAR MEDİA vasitəsilə Azərbaycan ictimaiyyətinə çatdırıram. O.Kaynarca “Emin bəy bu məsələ ilə bağlı polemika yaradan hər kəsə söyləyə biləcəyim tək şey budur ki, biz Azərbaycan sevdalısıyıq. Biz Azərbaycanı ikinci vətənimiz deyil, doğma vətənimiz kimi görürük. Azərbaycanın sərhədləri həm də bizim sərhədlərimizdir. Türk yurdalarının hamısı həm də bizim yurdumuzdur. Son bölümlə bağlı qəsdlə edilən heç nə yoxdur. Sadəcə bir texniki xətadır. Texniki heyət tərəfindən texniki bir xətaya yol verilib və gələn həftə hər şey düzəldiləcəkdir. Bu məsələ ilə bağlı bütün məsuliyyəti mən üzərimə götürürəm. Dediyim kimi, bu bir texniki xətadır və qəsdlə ediləcək heç bir şey yoxdur. Onu da xatırlatmaq istəyirəm ki, dizimizin birinci bölümündə Azərbaycanın türk dünyası və torpaq bütövlüyü uğrunda apardığı mübarizəyə xüsusi olaraq toxunmuşuq. Azərbaycana var gücümüzlə dəstək verdyimizi də Azərbaycandakı bütün dostlarımız bilir. Bunu dediyim kimi, Azərbaycanda hər kəsə çatdıra bilərsiniz” dedi”.
E.Həsənli bildirib ki, sənətçi Turan birliyinə inandığını və Azərbaycana böyük sevgisinin olduğunu bir daha bəyan ediB.
Xatırladaq ki, sözügedən dizinin son bölümündə Azərbaycanın xəritəsində Naxçıvan göstərilməyib və bu da haqlı narazılığa səbəb olub.