BAYRAQDAR MEDİA – Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan ATA İttifakının namizədi Sinan Oğanın ikinci turda verdiyi dəstək bəyanatından məmnunluğunu ifadə edib.
Türkgün Gazetesi xəbər verir ki, R.T.Erdoğan “TRT Haber” telekanalına müsahibəsində “Ona öz adımdan və bütün mübarizə yoldaşlarım adından təşəkkür etmək istərdim. Sinanla aramızda qətiyyən bazarlıq olmayıb, amma Təbii Fəlakət Nazirliyinin yaradılması gündəmə gələ bilər” deyib.
Məlumata görə, R.T.Erdoğan daha sonra aşağıdakıları bildirib:“Sinan bəy bizim terrorla mübarizə, türk dünyası ilə əlaqələr, vətənimizin maraqlarına dair aydın mövqeyimizi çox gözəl bilir. Biz bu məsələlərdə zərrə qədər də güzəştə getmirik. Bu olmayıb, ola da bilməz”.
Dəstəyin əhəmiyyətinə toxunan Türkiyə Cümhurbaşqanı “İnanıram ki, bu qüvvələr birliyi millətimizə, ölkəmizə xeyir verəcək” deyib.
Açıqlamasında suriyalı qaçqınların dönüşü ilə bağlı atılan addımlardan da danışan R.T.Erdoğan bu günə kimi 450 min qaçqının öz evlərinə qayıtdığını, daha 1 milyon qaçqının da qayıdacağını vurğulayıb.
S.Oğanla aralarındakı söhbətdə Konstitusiya ilə bağlı məəsləyə də toxunulduğuna işarə edən R.T.Erdoğan “Bizim razılaşdığımız ən mühüm məsələ Konstitusiyanın 66-cı maddəsidir. Bunlar bizim qırmızı xətlərimizdir, ona görə də biz onlarla razılaşırıq” deyə əlavə edib.