BAYRAQDAR MEDİA – Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, mədəniyyət naziri Adil Kərimli tərəfindən mayın 22-də Qobustan rayonunda vətəndaşların qəbulu keçirilib.
Bu haqda sözügedən Nazirliyin yaydığı xəbərdə deyilir.
Xəbərdə deyilir ki, “qəbulda həmçinin mədəniyyət nazirinin müavini Fərid Cəfərov, aparat rəhbəri Xanlar Ağalarov və struktur bölmələrin rəhbərləri də iştirak edib. Qəbulda əksəriyyət Qobustan, Şamaxı və Ağsu rayonlarından olmaqla ümumilikdə 84 sakin iştirak edib. Vətəndaşların müraciətləri əsasən işlə təmin edilmə, fəxri adın verilməsi, mədəniyyət sahəsi ilə bağlı problem və təkliflərdən ibarət olub”.
Qeyd edək ki, vətəndaşların hər bir müraciəti qeydiyyata alınıb, diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə struktur bölmələrin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.