BAYRAQDAR MEDİA – Ümumdünya Səhiyyə Assambleyasının 76-cı sessiyası çərçivəsində Azərbaycan səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyəti səhiyyə sektorunda beynəlxalq əməkdaşlığın gücləndirilməsi məqsədilə ikitərəfli görüşlər keçirir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya mayın 22-də Səhiyyə Nazirliyindən daxil olub.
Xəbərdə deyilir ki, “may ayının 22-də Azərbaycan səhiyyə naziri T.Musayevin başçılıq etdiyi nümayəndə heyəti və Kubanın ictimai səhiyyə naziri Xose Anxel Portal Mirandanın başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə T.Musayev ölkələr arasında digər sahələrdə olduğu kimi, səhiyyə və tibb elmi sahəsində də əməkdaşlığın nümunəvi olduğunu diqqətə çatdırıb. O, həmçinin 2020-ci ildə COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətindəki tədbirlər çərçivəsində Kubalı mütəxəssislərdən ibarət həkim briqadaların Azərbaycana gəlməsinin buna bariz nümunə olduğunu deyib. T.Musayev çıxışında Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi fəaliyyətini də qeyd edib. Bildirib ki, Azərbaycan QH-nın sədri qismində bir sıra qlobal təşəbbüslərlə çıxış edib, Azərbaycan Prezidenti, QH-nın sədri İlham Əliyevin təşəbbüsü nəticəsində peyvəndlərə bərabər və universal çıxışın təmin edilməsinə dair qətnamə BMT-nin İnsan Hüquqları Şurası tərəfindən qəbul edilib. Nazir eləcə də iki ölkənin Səhiyyə nazirlikləri arasında əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə ümidvar olduğunu qeyd edib”.
Sonra xəbərdə, “A.Miranda çıxışında Azərbaycan və Kuba arasında bir çox sahələrdə sıx əlaqələrin mövcudluğunu vurğulayıb. Bildirib ki, COVID-19 pandemiyası zamanı Kubadan həkim briqadalarının Azərbaycana gəlməsi iki ölkənin münasibətlərin əyani göstəricisidir. O, Azərbaycan və Kuba əlaqələrinin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə inandığını deyib.
Sonda Kubanın ictimai səhiyyə naziri bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirib.
Görüşdə Azərbaycanla Kuba arasında tibb müəssisələri və tibb təhsili üzrə əməkdaşlıq, əczaçılıq sahəsində tədqiqat və inkişaf fəaliyyətlərinə dair qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş müzakirələr aparılıb.