BAYRAQDAR MEDİA – Ümumdünya Səhiyyə Assambleyasının 76-cı sessiyası çərçivəsində Azərbaycanın nümayəndə heyəti Qlobal Fondun Qrant İdarəetmə şöbəsinin rəhbəri Mark Edinqtonun başçılıq etdiyi missiya ilə görüş keçirib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya mayın 22-də Səhiyyə Nazirliyindən daxil olub.
Xəbərdə bildirilir ki, “Səhiyyə naziri Teymur Musayev Azərbaycanın Qlobal Fond ilə əlaqələrə və əməkdaşlığa hər zaman önəm verdiyini qeyd edib. Onun sözlərinə görə, 2005-ci ildən QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fond Azərbaycanda vərəm əleyhinə fəaliyyətin dəstəklənməsində yaxından iştirak edir. Nazır çıxışında vurğulayıb ki, cari ilin mart ayında Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən malyariyadan azad ölkə elan edilib. Sonda T.Musayev gələcəkdə Azərbaycan Səhiyyə Nazirliyi ilə Qlobal Fond arasında səmərəli əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib”.
Öz növbəsində Qlobal Fondun Missiya rəhbəri Azərbaycanın ölkədə malyariya xəstəliyinin aradan qaldırılması istiqamətində həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirib. M.Edinqton həmçinin ötən ildən etibarən Səhiyyə Nazirliyin Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən Qlobal Fondun dəstəyi ilə Azərbaycanda İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) təmasdan öncə profilaktikası (TÖP – PrEP) adlı pilot layihənin icrasının başlamasını vurğulayıb: “Bu yeni metod riskli təmaslar zamanı İİV-ə yoluxmanın qarşısını almaqdan ötrü sağlam insanlar tərəfindən antiretroviruslu dərman vasitələrindən istifadəni nəzərdə tutur”.
Görüşdə həmçinin əməkdaşlığın mövcud vəziyyəti və potensial inkişaf imkanları müzakirə olunub.