Son yeniləmə: 22 May 2023 17:07
BAYRAQDAR MEDİA – Türkmənistan İran vasitəsilə Azərbaycana göndərilən təbii qazın həcmini artırır. Bu barədə İranın internet nəşri İran Milli Qaz Şirkətinin direktoru Hüseynəli Məhəmmədhüseyninin sözlərinə istinadən məlumat yayıb.
Türkmenportalı.com saytı xəbər verir ki, Hüseynəli Məhəmmədhüseyninin sözlərinə “SWOP sazişi əsasında İran vasitəsilə Azərbaycana göndərilən təbii qazın həcmi iki dəfə artıb. “Müqaviləyə əsasən, ilkin olaraq Azərbaycana 2 milyard kubmetrədək mavi yanacağın göndərilməsi razılaşdırılıb.Sonra bu məbləğin ikiqat artırılması qərara alındı”, – deyə Hüseynəli Məhəmmədhüseyni bildirib.
Xəbərdə o da vurğulanıb ki, regionun enerji bazarının əsas ölkələrindən biri olan Türkmənistan 2022-ci ilin əvvəlindən İran vasitəsilə Azərbaycana təbii qaz ixrac edir: “SWOP sazişinə əsasən, İran Türkmənistanın Sarah əyaləti vasitəsilə türkmən qazını idxal edir və ondan daxili ehtiyaclar üçün istifadə edir. Xaricdən gətirilən qazın əvəzinə eyni həcmdə qazı Azərbaycanın Astarasına göndərir”.
2022-ci ildə Türkmənistan SWOP sazişi çərçivəsində Azərbaycana ümumi dəyəri 110,8 milyon ABŞ dolları olan 858 milyon kubmetr təbii qaz ixrac edib.