BAYRAQDAR MEDİA – Mayın 21-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İsveçrə Konfederasiyasının Cenevrə şəhərində yerləşən mənzil qərargahında Ümumdünya Səhiyyə Assambleyasının 76-cı sessiyasının açılış mərasimi keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya mayın 21-də sözügedən Nazirlikdən daxil olub.
Xəbərdə deyilir ki, “Azərbaycan Assambleyada səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunur. Assambleya çərçivəsində ÜST-nin Avropa üzrə Regional direktoru Hans Henri Kluge ilə Azərbaycan nümayəndə heyəti arasında ikitərəfli görüş keçirilib. Səhiyyə naziri T.Musayev Azərbaycanın ÜST ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb. Nazir, həmçinin COVID-19-la mübarizədə ölkə daxilində görülmüş işlər, habelə beynəlxalq müstəvidə Azərbaycanın göstərdiyi yardım və irəli sürdüyü təşəbbüsləri qeyd edib. T.Musayev son günlər Ermənistan mediasında ÜST-nin həmin ölkədəki Nümayəndəliyinin rəsmiləri ilə Ermənistan səhiyyə naziri arasında keçirilmiş görüşdə ÜST rəsmisi tərəfindən Azərbaycanın suveren əraziləri ilə bağlı həqiqətə uyğun olmayan, qərəzli və mandatdan kənara çıxan fikirlərin yayılmasından narahatlığını qarşı tərəfin diqqətinə çatdırıb. H.Kluge məsələyə dair Təşkilatın Ermənistandakı nümayəndəliyi ilə əlaqə saxladığını, ÜST-nin Ermənistandakı Nümayəndəliyi ilə səhiyyə naziri arasında keçirilmiş görüşdə Azərbaycana aid heç bir fikir səsləndirilmədiyini, ümumilikdə ÜST-nin dünyada tibb personalına qarşı hücumları pislədiyini bildirib. H.Kluge hadisə ilə bağlı hər hansı bir məlumatın ÜST-nin rəsmi internet səhifəsində yayımlanmadığını vurğulayıb”.
Sonra xəbərdə bildirilir ki, “görüşdə Azərbaycan tərəfi ÜST-nin regiondakı ofislərini bölgədə sülh gündəliyinə doğru aparılan səyləri əngəlləyən hər hansı bir siyasi bəyanatlardan çəkinməyə və bu fəaliyyətlərə Təşkilatın rəhbərliyi tərəfindən nəzarəti gücləndirməyə çağırıb. H.Klüge ÜST-nin öz fəaliyyətini siyasiləşdirmədən bitərəf və qərəzsiz şəkildə bundan sonra da davam etdirəcəyinə əminliyini ifadə edib”.
Görüşdə H.Henri Kluge ÜST-nin Azərbaycanla əməkdaşlığının çox uğurlu olduğunu vurğulayıb. Koronavirus infeksiyası mövzusuna toxunan ÜST-nin Avropa üzrə regional direktoru COVID-19 peyvəndlərinin digər ölkələrə göndərilməsi kimi humanist addıma görə Azərbaycan rəhbərliyinə təşəkkürünü ifadə edib. Həmçinin Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirib.
Görüşdə təşkilatla Azərbaycan arasında mövcud sıx əlaqələr və səhiyyə sahəsində gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Qeyd edək ki, ÜSA-nın sessiyası çərçivəsində səhiyyə naziri T.Musayevin plenar iclasda çıxışı, təşkilatın üzv ölkələrinin səhiyyə nazirləri ilə ikitərəfli görüşləri və digər işçi tədbirlərin keçirilməsi planlaşdırılır.
ÜSA-nın 76-cı sessiyası mayın 30-da yekunlaşacaq. Səhiyyə Assambleyası ÜST-nin siyasətini müəyyən edən ali qərar qəbuledici orqanıdır.