Press "Enter" to skip to content

Rus dilində təhsil dövlət hesabına olmamalıdır…

Azər Həsrət

BAYRAQDAR MEDİA – Yenə də rus dili davası gedir. Bəlli olub ki, orta məktəblərin rus bölməsində Azərbaycan tarixi dərsini məhz Azərbaycanın dövlət dilində keçməklə bağlı qərar verilib. Açığı, bu gəlişməni təqdir edir, sevinirəm.

Amma sevinməyənlər də var. Həmkarlarımızdan biri sosial mediada paylaşım edərək yazır ki, bəs, sən demə onun rus bölməsində oxuyan qızı Azərbaycan tarixinin ana dilimizdə keçiləcəyindən əziyyət çəkəcəkmiş. Və bu həmkarımız Elm və Təhsil Nazirliyini buna görə qınayaraq ictimai rəydən dəstək istəyir.

Biz də fikrimizi bildirdik. Dedik ki, bunu ana dilimizə qarşı üsyan hesab edirik. Bəli, məhz belədir. Başqa adı ola da bilməz.

Amma xanım əfəndi iddia etdi ki, uşağı rusca oxusa da onun özü də, ailəsi də çox vətənpərvərdirlər. Bəzən bir az da nəzakətsiz tonda verdiyi cavablarla sosial mediadakı dostlarını küncə sıxan bu jurnalist həmkarımız hətta iddia edir ki, “Putinə olan nifrət” rus dilinə yansımamalıdır…

Təbii ki, bir sıra şəxslər buna uyğun cavab verərək məsələnin Rusiya Prezidenti Vladimir Putinə dəxlinin olmadığını bildirdilər. Amma anlaşılır ki, bu xanım buna qane olmur.

Bir də diqqətimi çəkən o oldu ki, bəzi istifadəçilər bir azərbaycanlı balasının öz ana dilində dərs almasının nəyə görə rahatsızlıq yaratdığını anlamadıqlarını yazdılar. Haqlıdırlar. Cavabsa bu oldu ki, o uşaq ana dilini də çox gözəl bilir, sadəcə təhsili rus dilində olduğu üçün Azərbaycan tarixini də rusca öyrənməsi vacib imiş…

Əlbəttə, bu yazışmaları ürək ağrısı ilə izləyirəm. Çünki 32 illik müstəqillikdən sonra belə bizim insanımız hələ də rus dilinin – rus təsirinin qorunması üçün canla-başla çalışırsa, nəsə yerində deyil demək. Üstəlik, Sovet İttifaqının üzünü belə görməmiş əl qədər çocuqlarımızı aparıb o qanlı imperiyanın qalıqları olan məktəblərdə oxuduruqsa, keçilməsi gərək olan çox uzun bir yol qalıb hələ…

Çox vaxt bu rus məktəbləri ilə bağlı müzakirələrdə zəif bir “arqument”lə üzərimizə gəlirlər ki, bəs, xarici dil öyrənməyin nəyi pisdir? Pis deyil. Əksinə yaxşıdır, əladır. Amma bir dili öyrənmək üçün uşağı öz dövlətinin dilindən ayırıb da 11 il sərasər yad dildə oxutmağı anlaya bilmirik.

Texnologiyaların bu qədər inkişaf etdiyi bir dünyada istənilən dili 6 ay – 1 il ərzində yetərincə yüksək səviyyədə mənimsəmək mümkündür. Şəxsi təcrübəmdən bilirəm bunu. Rus dili də daxil olmaqla bir neçə xarici dildə danışıram, yazıram, çıxışlar edirəm. Və bu dillərin heç birini orta təhsilim sayəsində öyrənməmişəm.

Yəni milli Azərbaycan məktəbində anamın öyrətdiyi Azərbaycan (əslində türk) dilində oxumuşam. Texnikumu da, universiteti də bu dildə bitirmişəm. Amma lap elə o rus dilini də rusların özü qədər bilirəm. Görürsünüzmü, rus məktəbi oxumadan da rus dilinə yiyələnmək olur.

Bəs rus məktəbində 11 il oxuyanda nə baş verir? O baş verir ki, uşaq öz ana dilindən – milli kimliyindən uzaqlaşdıqca uzaqlaşır. Kimsə iddia etməsin ki, belə deyil. Belədir. Görmüşük, görürük ki məhz belədir!

Övladını rus dilində oxudan valideyn bəlkə bilərəkdən, bəlkə də bilməyərəkdən qanlı rus imperiyasının ömrünü uzadır. Bu imperiya indi Rusiya Federasiyası adı altında qalmağa davam edir. Sonunu yaşayır, can verməməyə də çalışır. Ona görə də bir tərəfdə Gürcüstana, bir tərəfdə Ukraynaya hücum edir. O biri tərəfdə də Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhü əngəlləyir bu lənət imperiyası!

Biz rus məktəbi nazı çəkirik, Rusiya isə əlifbamızı belə yasaqlayır…

Rusiya öz varlığını məhz başqa ölkələrdə, o cümlədən Azərbaycandakı “mədəniyyət” ekspansiyası hesabına uzunömürlü etməyə çalışır. Bizim insanlarımızın bəziləri də anlamır ki, bu ekspansiyanın bir parçası olmaqla məhz Azərbaycana zərər edirlər.

Amma inanıram ki, bu rus sevdası, könüllü rus xidmətkarlığı da bir gün bitəcək. Özü də tezliklə. Bax, onda o uşaqlara yazıq olacaq. Onlar şikəst olacaqlar mənən. 11 il oxuduqları rus dilində təhsil onların əl-qolunu elə bağlayacaq ki, hər şeydən öncə öz ata-analarına üsyan edəcəklər. Ki, niyə bizi bizə yad dildə oxutdunuz deyə!

Bəlkə də çoxları bunun fərqinə varmadan uşağını rus dilində oxudur. Biləsiniz, rus məktəbinə göndərilən hər bir azərbaycanlı balası rusların başımıza gətirdiklərinə haqq qazandırmaqdan başqa bir şey deyil. Üstəlik də bu gün Qarabağda min oyundan çıxaraq erməniləri təpəmizə mindirən ruslara da dəstək olmaq deməkdir bu rus məktəbində oxumaq.

Eyni zamanda bütün dünyanın zəhləsini tökən rus imperiyasına əlavə nəfəs verməkdir Azərbaycan kimi ölkələrdə rus məktəblərində oxumaq. Özümüzün də əziyyət çəkdiyimiz bu imperiyanı dünyanın mütərəqqi gücləri küncə sıxışdırmışkən, biz uşaqlarımızı onun dilində oxudaraq, əslində səf tuturuq. Bu səf isə yanlışdır. Bizə qarşı olan, 200 il torpaqlarımızı işğal altında saxlayan, milli-mənəvi dəyərlərimizi erməninin ayaqları altına atan bir imperiya üçün nəfəslik rolu oynamamalıdır bizim millətimiz!

Bu arada xatırladaq ki, Azərbaycanda rus əhalinin sayı cəmi 120 min nəfərdir. Amma rus məktəblərində oxuyan uşaqlarımızın sayı 160 min nəfər. Fəlakətdir, faciədir bu…

Azərbaycan: rusların sayı 120 min, rusca oxuyanların sayı 160 min…

Sonda: Düşünürük ki, artıq rus məktəbləri ilə bağlı yeni düzənləməyə ehtiyac var. Yalnız rusların kompakt yaşadığı yerlərdə dövlət hesabına rusca təhsil saxlanılmalıdır. Digər məktəblərin hamısı milliləşdirilməlidir. Rus olmayanların uşaqlarını rusca oxutması isə dövlət hesabına deyil, öz hesabına olmalıdır. Bundan başqa, rus olmayanların uşaqları rus məktəbinə həm də rus dilindən imtahan verməklə qəbul edilməlidir. Qəbul olunduqdan sonra da pulunu verib oxuya bilər. Azərbaycan dövlətinin kimsəyə borcu yoxdur ki, onun uşağını bizə yad dildə oxutsun.

Mission News Theme by Compete Themes.